Son yeniləmə: 1 Fevral 2023 14:12
BAYRAQDAR MEDİA – Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında II Bakı Elm Olimpiadası keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, olimpiada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçiriləcək: “Olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir. Olimpiada 8-ci və 9-cu sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq”.
Qeyd olunub ki, Olimpiadanın I mərhələsində iştirak edəcək komandalar 5 fevral 2023-cü il tarixinədək elektron qeydiyyatdan (https://forms.gle/gM8uRV8nMWrCm5EP7) keçməlidirlər: “Olimpiadanın I mərhələsində (18 fevral) ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə qazanacaq. I mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığını (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər. Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komandalar və şagirdlər diplomla təltif olunacaq”.