Son yeniləmə: 1 Fevral 2023 11:14
BAYRAQDAR MEDİA – Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun məqaləsi nüfuzlu Newsweek nəşrində dərc edilib.
“Ermənistan həqiqətənmi Azərbaycanla sülh istəyir?” adlı məqalədə E.Əmirbəyov son vaxtlar Qarabağ ətrafında erməni təbliğat maşınının manipulyasiyalarına tutarlı cavab verir.
“Güney Qafqaz resurslarla zəngin Orta Asiya ilə resurslara möhtac Avropa iqtisadiyyatı arasında bir qovşaqdır. Ermənistanla Azərbaycan arasında sülh nəinki ermənilər və azərbaycanlıların, ümumiyyətlə bütün Avrasiyanın zənginləşməsi baxımından faydalı olacaq. Azərbaycanın 2020-ci ildəki İkinci Qarabağ Savaşında səsgətirən qələbəsi səhifəni çevirmək, düşmənlikləri arxada buraxmaq və beynəlxalq hüquq əsasında münasibətləri normallaşdırmaq üçün tarixi imkan yaradıb”, – deyə məqalədə qeyd edilir.
Müəllif yazısında diqqəti ermənilərin prosesləri ləngitmək üçün apardıqları qlobal təbliğata çəkir. O, eyni zamanda 2022-ci ilin 12 dekabrından Laçın yolunda ekofəalların başlatdığı etiraz aksiyasına da diqqət çəkərək erməni yalanlarını ifşa edir.
Yazıda həmçinin 1-ci Qarabağ savaşı sonucu yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salınması, işğalçı Ermənistanın apardığı etnik təmizləməyə diqqət çəkilir. O da qeyd edilir ki, Azərbaycan uzun illər səbir edərək problemin dinc yolla həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını gözləyib.
Müəllif onu da vurğulayır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın ardında yaradılmış şəraitdən Ermənistan sui-istifadə edərək Laçın yolu ilə Qarabağın təbii sərvətlərini daşıyıb. Eyni zamanda bu ölkə Qarabağda hələ də hərbi qüvvə saxlamaq üçün bu yoldan istifadə edib.
Sonda E.Əmirbəyov Ermənistanın və onun dəstəkçilərinin xəyallardan əl çəkib gerçəklərlə hesablaşmalı olduqlarına diqqət çəkir.