Son yeniləmə: 1 Fevral 2023 13:43
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən sənədli filmin təqdimatı olub
BAYRAQDAR MEDIA – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı olub.
Təqdimat dahi şəxsiyyatın doğum günündə, yanvarın 31-də “Park Cinema”da keçirilib.
“Park Cinema” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya fevralın 1-də verilən məlumata görə, tədbirdə Azərbaycan ziyalıları, tarixçilər, media və sənət nümayəndələri iştirak edib: “Böyük maraq və sevgi ilə qarşılanan ekran əsəri haqqında müsbət fikirlər səslənib”.
Məlumata əsasən, tamaşaçılar qarşısında çıxış edən M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə böyük şəxsiyyətə və onun ailəsinə göstərilən dərin məhəbbət üçün təşəkkür edib:“Sizin isti münasibətiniz, Rəsulzadə fəaliyyətini, ailəsini ürəkdən qəbul etdiyiniz hər an hiss olunur. Rəsulzadəyə, tariximizə olan böyük məhəbbətiniz üçün təşəkkür edirəm. Filmin yaradıcı heyətinə bu diqqət üçün minnətdaram. Arzu edirəm ki, “Yüz ilin sirləri” olaraq yolunuza davam edib, bundan sonra da tariximizin bilinməyən səhifələrini üzə çıxararsınız”.
Məlumata görə, layihənin müəllifi AZTV-də yayımlanan “Yüz ilin sirləri” verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadə isə çıxışında, “Bu gün bir daha əmin oldum ki, Rəsulzadə Azərbaycan xalqının ən səmimi sevgisidir. Hər birinizə təşəkkür edirəm”deyib.
Qeyd edək ki, ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat hekayəsinə uyğun olaraq Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb. Filmdə yerli və əcnəbi tədqiqatçıların müsahibələri, Rəsulzadəyə, ailəsinə məxsus arxiv sənədlər, foto və video görüntülər nümayiş olunur.
Məlumatda o da vurğulanıb ki, “Park Cinema” kinoteatrlar şəbəkəsində təqdim olunan film ilk olaraq 2 günlük nəzərdə tutulsa da, tamaşaçıların istəyi ilə nümayiş fevralın 8-dək uzadılıb.