Press "Enter" to skip to content

Təbriz – İran devriminin alovlar yağdıran ocağı

Məhəmməd Əmin Rəsulzadə

BAYRAQDAR MEDİA – Bu gün o böyük şəxsiyyətin, 1918-ci ilin 28 mayında bizim üçün qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. O böyük lider 31 yanvar 1884-cü ildə dünyaya göz açmış, ən gənc yaşlarında siyasi hərəkata başlamışdı. Sonra da – cəmi 32 yaşında artıq yeni bir dövlətin qurucularının önündə gedirdi.

Biz belə bir gündə böyük öndərin haqqında düşüncələrimizi yazmağı düşünürdük. Amma qərara gəldik ki, onun haqqında nə yazsaq özünün yazdıqlarından, düşüncələrindən daha artığını yaza bilməyəcəyik. O baxımdan düşündük ki, böyük öndərin özəlliklə də İran türkləri ilə bağlı fikirlərinə yer verək. Çünki günümüzdə də bu məsələ aktualdır, həllini gözləyir.

Beləliklə, M.Ə.Rəsulzadənin 1912-ci ildə “Türk Yurdu” dərgisində dərc edilmiş “İran türkləri” məqalələr silsiləsindən bəzi iqtibasları dəyərli oxucularımıza təqdim etməklə böyük öndəri rəhmət və minnətlə anırıq.

Aşağıda dırnaqda verilmiş bütün qeydlər M.Ə.Rəsulzadənin sözügedən məqalələrindəndir.

*****

“Üç min illik tarixi gələnəyi, Doğu uyqarlığında öz yeri olan İran bu gün yaşamının ən çətin, ən qorxunc günlərini keçirməkdədir.”

“Çoxdan bəri bağımsızlığını, torpaq bütünlüyünü rus-ingilis çəkişməsinə, Avropa siyasi dəngəsinə borclu olan İran yadelli dəstəklərə dayanan bütün ölkələr kimi indi arxasız qalmışdır. Əski ingilis-rus çəkişməsi yerinə bu gün İranın bölünməsini göstərən bir uzlaşma, bir dostluq vardır.”

“İran türkləri daha çox Azərbaycanda yaşayırlar. İran Azərbaycanı İranın Quzeyində yerləşir, İranın 8 bölgəsinin ən böyüyüdür. Bu bölgə Quzeydən Rusiya, Batıdan Osmanlı ilə sınırlıdır.”

“Azərbaycanın baş bölgəsi Təbriz, tanınmış şəhərləri də bunlardır: Ərdəbil, Urmu, Xoy, Dilman (Səlmas), Maku, Sulduz (Sulduz bölgəsi Osmanlı dövləti ilə İran arasında davalı yerdir), Marağa, Xalxal.”

“Azərbaycan torpağında bütün gücü ilə çalışsa da çox yoxsul yaşayan türk, çörəyini bir az daha artırmaq, ailəsinə bir “ağ gün” qazanmaq üçün yurdundan getməli olur. İldən-ilə bir çox Azərbaycan köylüsü Xəzər dənizi qıyılarına, Rusiya içlərinə, İstanbula gəlir. Bakı neft ocaqlarında ən ağır işləri görən, Hacı Tarxan (Astarxan) kimi limanlarda ən ağır yükləri daşıyan yurdundan getməyə zorlanmış Azərbaycanlıdır.”

“Bakı bölgəsinin tarlalarını biçən, İstanbulda alverçi, kitabçı, tütünçü, yemək-içmək satıcısı kimi kiçik qazanc işləri ilə uğraşan yenə Azərbaycan türküdür.”

“500 (1000) ildən bəri İranda ağa olan padşahlar ancaq türk soyundan gəldilər. Bu gün dövlətə başçılıq edən Qacar soyu da Türkmən ellərindəndir. Ancaq İran ağalarının türk olması türklərə bir üstünlük vermədiyi kimi, fars ulusunun basqısına da nədən olmamışdır. Ağaların türklüyünə baxmayaraq ölkənin yetkili dili fars dili qalmış, törənlərlə yazışmalarda fars gələnəkləri qorunmuşdur. İranda farslar türklərin gücünə, əskərlik özəlliklərinə dayanmışlar.”

“Şiəlik İran türklərini elə farslaşdırmışdır, indi onlar özlərini türkləşmiş fars, yəni kökcə iranlı sayarlar!..”

“Abbas Mirzə Qacarlar soyunun ilk ağalarından Fətəli şahın oğlu idi. Dövlətin gələcək başçısı olsa da dövlət qulluqçusu adı ilə Təbrizdə oturub bu türk şəhərini yurdsevər yenidənqurmaları üçün baş yer seçmişdi. O çağdan bəri Təbriz gələcək şahların oturduğu yer olmuş, Qacar soyundan gələn şahların bütünü Təbrizdə böyümüş, o türk ortamında yetişmişlər.”

“Azərbaycanı o biri bölgələrlə tutuşduranda daha az basqı görməsindən, uyqar ölkələrə yaxın bulanmasından, eləcə də Rusiya, Osmanlı ölkəsi ilə kəsilməz ilişkili olmasından başqa İran türklərini farslara görə daha əlverişli durumda bulunduran bir nədən də soy özəllikləridir. İran türkü başqa türk qardaşı kimi bir az tutucudur. Azərbaycanlı bir türk şirazlı bir farsdan daha yurdsevərdir. Türk fars kimi özgür düşüncəli deyil, ancaq onun kimi istəksiz, qayğısız da deyildir. Türk daha dönməz, daha dayanıqlıdır.”

“İran türkləri devrimi yalnız maddi deyil, mənəvi də yönətmişlər. Təbriz demək olar İran özgürlük düşüncəsinin bir düzənləyicisi olmuş, anayasaçılığın dərinləşib, parlamentin açılmasından sonda da türklərin siyasi yasamda dəyərləri artmış, saylarından çox işləri görmüşlər.”

“Azərbaycanın İran anayasaçılığındakı yeri ürəyin bədəndəki yeri kimidir. Azərbaycan özgürçülük axınının alanı, Təbriz igidliklər göstərən baş kəndi olmuşdur. Altı ildən bəri sürən iç savaşın olağanüstü sıxıntıları dönməz İran türklərinin gücünü çiyinlərinə, yurdsevərliyinə yüklənmişdir, onlar indi də bu ağır yükü daşımaqdadırlar. Fransa devrimində Marsel, Osmanlı devrimində Selanik nə idisə, İran devrimində də Təbriz odur. Təbriz İran devriminin alovlar yağdıran bir ocağı idi. Azərbaycan türklərindən olan özgürlük döyüşçüləri bütün İran qaragüruhuna igidliklə dirənmiş, dayanmışdır.”

Mission News Theme by Compete Themes.