Son yeniləmə: 31 Yanvar 2023 17:36
BAYRAQDAR MEDİA – “Bu xain hücum barədə məlumatı mən Yaponiyada aldım. Can Azərbaycanımızın Tehrandakı səfirliyinə edilən xain hücumu hər bir Azərbaycan sevdalısi kimi mən də şiddətlə qınayıram. Terror hücumu zamanı şəhid olan səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərova Allahdan rəhmət, yaxınlarına isə səbir diləyirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türk-Yapon Vəqfinin başqanı Prof. Dr. Nejat Bora Sayan deyib.
O, bildirib ki, terror heç bir zaman qəbuledilməzdir: “Xüsusilə də bu terror diplomatik missiyaya qarşı törədilibsə, daha dəhşətlidir. Hesab edirəm ki, hazırda İran tərəfinin üzərinə düşən əsas iş terrorçunu danışdırıb, onun arxasındakı qüvvələri aşkar edib, ortaya çıxarmaqdır”.
Müsahibimiz Türkiyənin hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın yanında olduğunu bildirib: “Ulu Öndər Mustafa Kemal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bütün dünya bilməlidir ki, Türkiyə bundan sonra da hər zaman can Azərbaycanın yanında olacaqdır. Ulu Öndər Heydər Əliyevin “bir millət – iki dövlət” olaraq dəyərləndirdiyi Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Bunu da hər kəs bilsin ki, Azərbaycana edilən hər hansı hücumu Türkiyəyə edilmiş kimi qəbul edib, ona görə lazım olan addımı atarıq”.