Press "Enter" to skip to content

İran yaralı ilan kimi hər kəsə hücum edir

Bulut Alemdar

Son yeniləmə: 31 Yanvar 2023 10:44

Bulut Alemdar: Nə qədər gec deyil bu fars-molla faşist rejimini dayandırın!

BAYRAQDAR MEDİA – “Bütün dünyada bir qayda var. Diplomatların, səfirlərin, səfirlik əməkdaşlarının həyatı, təhlükəsizliyi səfirliyin yerləşdiyi ölkə tərəfindən qorunmalıdır. Hətta bir-biri ilə müharibə aparan ölkələr belə diplomatların toxunulmazlığı və təhlükəsizliyinin təmini məsələsinə həssas yanaşırlar. Lakin təəssüflər olsun ki, bu sivil, beynəlxalq qanunlar İranda keçərli deyil. Daha dəqiq desək, İranın fars-molla rejimi bu qanunları heçə sayır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azerbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Şura üzvü Bulut Alemdar deyib.

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu dəyərləndirən müsahibimiz qeyd edib ki, bu terrorun mərkəzində fars-molla rejiminin Azərbaycan və türk düşmənliyi dayanır: “Artıq Azərbaycan düşmənliyi, türk düşmənliyi İranda ənənə halını alıb. İran hər addımda Azərbaycana qarşı hədyanlar yağdırır, Azərbaycanın daxili işlərinə müdaxilə edir. Səfirliyə edilən terror hücumu isə artıq bu düşmənliyin ifrat həddə çatdığını təsdiqlədi”.

B.Alemdarın sözlərinə görə, bu hücum İranın necə bir təhlükəli ölkə, fars-molla rejiminin necə bir təhlükəli rejim olduğunu da ortaya qoydu: “Bu gün Güney Azərbaycan türklərinin necə bir təhlükə qarşısında olduğu ortadadır. Səfirliyə Kalaşnikov avtomatı ilə hücum çəkib səfirlik əməkdaşını şəhid edənlər görün sadə insanların başına nə oyun açarlar? Zatən zaman-zaman Güney Azərbaycanlılar fars-molla rejiminin zülm və təqiblərinə tuş gəlib. Ana dilində təhsil istəyənlər uzunmüddətli həbsə atılıb, sürgün olunub, hətta dar ağacından asılıb. Milli fəallarımızı şəhid ediblər. Doktor Mahmudəli Çöhraqanlını bilinməyən bir yerdə aylarla saxladılar. Yalnız ölüm orucu tutandan sonra beynəlxalq təzyiqə tuş gələn rejim məcburən onu azad etdi. Ərdəbildə bir nəfər ana dilində təhsil istəyib deyə, onu həbs edib 15 il azadlıqdan məhrum ediblər. Özü də zindanda narkotik ticarətçilərinin, qatı cinayətkarların olduğu yerdə saxlayırlar. İranda uşaqlara təcavüz edən, qadınları öldürən cinayətkarlara 5-10 il cəza kəsildiyi halda, sadəcə azad təhsil, ana dilində təhsil istəyən milli fəallarımıza 15 il cəza kəsilir”.

Qeyd edilib ki, fars-molla rejimi hər an Güney Azərbaycanlılara qarşı daha qanlı bir əməl törədə bilər: “Mən BAYRAQDAR MEDİA vasitəsilə dünya birlyinə, xarici ölkələrə və təşkilatlara müraciət edirəm. Nə qədər gec deyil, bu fars-molla faşist rejimini dayandırın. Bu rejimin zərərsizləşdirilməsi üçün bir an öncə hərəkətə keçilməlidir. Əks halda öz azadlıqlarını istəyən Güney Azərbaycanlılar və digər qeyri-fars millətləri ciddi təhlükə gözləyə bilər. Bir daha deyirəm, əgər rejim səfirliyə Kalaşnikovla hücum edəcək qədər irəli gedibsə, sabah digər qanlı əməllərə də al ata bilər. Bir sözlə, İran çox təhlükəli vəziyyətə gəlib. Yaralı ilan kimi hər kəsə hücum edir. Bunun qarşısnı tezliklə almalıdırlar. Əminəm ki, dünya birliyi səsimizi eşidəcək. Əminəm ki, Türkiyə və Azərbaycan Güney Azərbaycanlıların qanlı hücumlara məruz qalmaması üçün lazım olan addımı atacaq”.

Mission News Theme by Compete Themes.