Son yeniləmə: 31 Yanvar 2023 12:48
BAYRAQDAR MEDİA – Azərbaycanlı tələbələr Londonun Queen Mary Universitetinin (QMUL) İnsan Haqları Mərkəzində Ermənistanın Birləşmiş Krallıqdakı səfirinin “Münaqişə zonalarında insan hüquqları: Dağlıq Qarabağ məsələsi” mövzusunda konfransda iştirakının qarşısını alıblar.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata əsasən, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasına üzv təşkilatın – Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, buna səbəb erməni tələbələrin səfirin görüşünü Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının “bayrağı” altında təşkil etmək cəhdi olub: “Onun sözlərinə görə, bu universitetin məzunu Turan Qafarlı tədbir haqqında xəbər tutan kimi icmamızla və Queen Mary Universitetində təhsil alan tələbələrimizlə əlaqə saxlayıb. Ermənilərin qanunsuz hərəkətinin qarşısını almaq üçün fikir mübadiləsi aparılandan sonra tələbələr Qiyafət Xeyirxəbərli, Nicat Osmanlı, Akif Qurbanov, Rəna Süleymanova və Kifayət Dəmirlinin adından Queen Mary Universitetinin prezidenti və direktoru Kolin Qaret Beyliyəmüraciət ünvanlanıb”.
Müraciətdə bildirilib ki, azərbaycanlı tələbələr Universitetin hərbi gərginliyin davam etdiyi ərazilərdə insan hüquqları məsələləri üzrə müzakirələr təşkil etmək səylərini yüksək qiymətləndirir: “Çnki bu, cari məsələlərə işıq salır və mübahisə edən tərəflər arasında qarşılıqlı anlaşmaya kömək edir. Lakin Ermənistanın səfirinin iştirak edəcəyi konfrans nüfuzlu akademik qurumların siyasi cəhətdən həssas mövzulara həsr olunmuş tədbirlərin təşkili və ya keçirilməsi zamanı beynəlxalq hüququn prinsiplərinə riayət olunmasına zəmanət vermir”.
Nəzərə çatdırılıb ki, tədbirin təbliği üçün istifadə olunan plakatda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını təsvir etməklə, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilir və beynəlxalq hüququn prinsipləri pozulur: “Digər tərəfdən, belə bir konfransın təşkili Ermənistan tərəfindən hüquqları pozulmuş azərbaycanlılara qarşı qərəzli münasibət kimi qiymətləndirilə bilər.Üçüncüsü, tədbir yalnız Ermənistanın Böyük Britaniyadakı səfirinin simasında erməni tərəfinə öz perspektivlərini ictimaiyyətə çatdırmaq imkanı verir. Bu da o deməkdir ki, görüş iştirakçıları mürəkkəb məsələ ilə bağlı yalnız təktərəfli məlumat alacaqlar. Universitet icmasının bir hissəsi olmaqdan qürur duyduqlarını bildirən gənclərimiz rəhbərliyi konfransın təşkilində yaranan problemlərin aradan qaldırılmasına dəvət ediblər”.
Məlumatda qeyd edilir ki, azərbaycanlı tələbələrin müraciəti erməni səfirinin 9 fevral 2023-cü il tarixli görüşünün ləğv edilməsi ilə nəticələnib: “Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri bu münasibətlə vətənpərvər gənclərimizi təbrik edib və onlara təşəkkürünü bildirib”.