Son yeniləmə: 31 Yanvar 2023 09:48
Təhlükəsizlik Şurasının Kıbrısdakı BMT Sülhməramlı Qüvvələrinin mandatını daha 1 il müddətinə uzatması qərarı haqlı etirazlara səbəb olub
BAYRAQDAR MEDİA – Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Kıbrısdakı BMT Sülhməramlı Qüvvələrinin mandatını daha bir il uzadıb. BMT TŞ-nin yanvarın 30-da yekdilliklə qəbul etdiyi qərarda, “Adada mövcud şərait nəzərə alınaraq, BMT-nin Kıbrısdakı Sülhməramlı Qüvvələrinin (UNFICYP) 31 yanvar 2023-cü il tarixindən sonra da saxlanılmalı və onun mandatının 31 yanvar 2024-cü ilə qədər uzadılmalıdır” ifadəsi öz əksini tapıb.
Kibris Türk xəbər verir ki, qərarda Kıbrıs adası ilə bağlı razılığın olmamasının siyasi gərginliyi artırdığı və hər iki icma arasında yadlaşmanı dərinləşdirdiyi, bu sahədə geri dönməz dəyişiklikləri riskə atdığı və həll variantının mümkünlüyünü azaltdığı bildirilib.
15 üzvdən ibarət Təhlükəsizlik Şurası həmçinin BMT Baş katibindən 2024-cü ilin iyul və yanvar aylarında mənalı və nəticəyönümlü danışıqlar üçün kompromis əldə edilməsi istiqamətində irəliləyişlə bağlı iki hesabat təqdim etməyi xahiş edib.
Məlumatda deyilir ki, BMT-nin ən uzunmüddətli sülhməramlı missiyalarından biri olan qüvvə 1964-cü ildən adadadır.
Qeyd edək ki, bu qərar Kıbrısda və Türkiyədə haqlı etirazlara səbəb olub. KKTC Cümhurbaşqanlığının qərarla bağlı açıqlamasında, “qərarın bəndlərində yeni siyasi prosesə işarə edən ifadələr qəbuledilməzdir” deyilib.
Məlumata əsasən, açıqlamada, həmçinin, Kıbrıs türk xalqının öz gələcəklərini məcburi əsaslara və öz hüquqlarına qarşı diktə edilmiş həll modellərinə təslim etməyəcəkləri vurğulanıb. Təhlükəsizlik Şurasının qərarında Kıbrıs türk tərəfinin altı əməkdaşlıq təklifinə istinad edilməməsinin nöqsan və Kapalı Maraş ilə bağlı ifadələrin beynəlxalq ictimaiyyətin dəyişikliklə bağlı dayaz siyasətinin təzahürü olduğu bildirilib.
KKTC Xarici İşlər Nazirliyindən verilən açıqlamada da BMT Təhlükəsizlik Şurasının qərarına etiraz edilib. “BMT Təhlükəsizlik Şurasının adadakı tərəflərdən birinə “dövlət”, digərinə isə “cəmiyyət” kimi baxmağa davam edən qərarları bizim üçün qəbuledilməzdir”, – deyə açıqlamada bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada da BMT Təhlükəsizlik Şurasının qərarına etiraz edilib.
Nazirlikdən verilən açıqlamada, sözügedən qərarla bağlı KKTC Xarici İşlər Nazirliyinin açıqlamasını tam dəstəklədikləri bildirilib.
Kıbrıs Adası’nda Konuşlu Birleşmiş Milletler Barış Gücü Misyonu’nun Görev Süresinin Uzatılmasına İlişkin 2674 (2023) Sayılı BM Güvenlik Konseyi Kararı Hk. https://t.co/eOG5IyeIAt pic.twitter.com/roT7UNUuAS
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) January 30, 2023