Press "Enter" to skip to content

Venesiya karnavalının maskaları Albaniyada istehsal olunur

Maska muzeyi

Son yeniləmə: 30 Yanvar 2023 16:26

BAYRAQDAR MEDİA – Albaniyanın quzeyindəki Şkodra şəhərində yerləşən maska emalatxanası istehsal etdiyi bədii maskalarla diqqət çəkir.

Məşhur Venesiya karnavalında geniş istifadə olunan maskalar sənətə, xüsusən də rəssamlığa və heykəltəraşlığa həvəsi olan alban rəssam və sahibkar Edmond Anqoninin yaratdığı fabrikdə istehsal olunur və fabrik daxilində açılan muzeydə sərgilənir.

Bu barədə Anadolu Ajansı məlumat yayıb.

Bildirilib ki, 1992-ci ildə İtaliyaya köçən E.Anqoni 5 il orada qaldıqdan sonra Şkoderə qayıdıb və “Venesiya incəsənəti” adlı bədii maska istehsalı emalatxanası qurub.

İşçilərin əksəriyyətinin rəssam olduğu emalatxanada hər il minlərlə əl işi müxtəlif dizaynlı maskalar hazırlanır.

Qiymətləri 20-2000 avro arasında dəyişən maskaların təxminən 20 mini Venesiya karnavalı üçün nəzərdə tutulub, minlərləsi isə dünyanın müxtəlif yerlərinə ixrac edilir.

E.Anqoni açıqlamasında bir maskanın hazırlanmasının pulpadan bəzəməyə qədər 12 prosesdən keçdiyini bildirib. Maskaların bir neçə kateqoriyaya bölündüyünü qeyd edən E.Anqoni, onların balo, ev bəzəkləri və müxtəlif bəzək əşyaları kimi istifadə edildiyini vurğulayıb.

Digər tərəfdən “Venesiya incəsənəti” adlı maska istehsalı fabrikinin əhəmiyyətli bir hissəsi maska muzeyidir.
Muzey yerli və xarici ziyarətçilərin diqqətini cəlb edərək, Şkodranı turistik yerlərdən birinə çevirir.

Atelyedəki əsərlərin muzeydə öz əksini tapdığını bildirən E.Anqoni, “Bu sərgi salonunda təxminən 700-800 maska maketi var” deyib.

Mission News Theme by Compete Themes.