Son yeniləmə: 30 Yanvar 2023 17:17
Mehsa Mehdili: Əminliklə deyə bilərəm ki, minlərlə, hətta milyonlarla Güney Azərbaycanlı da mənim kimi düşünür
BAYRAQDAR MEDİA – “Əvvəla, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu bir Güney Azərbaycanlı olaraq öz evimə hücum olaraq qiymətləndirirəm. Əminliklə deyə bilərəm ki, minlərlə, hətta milyonlarla Güney Azərbaycanlı da mənim kimi düşünür”.
Bunu məlum terror hücumunu BAYRAQDAR MEDİA üçün dəyərləndirən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İdarə Heyətinin üzvü Mehsa Mehdili deyib.
Onun sözlərinə görə, bu, sıradan bir hücum deyil: “İranın Azərbaycanin tarixi Zəfərindən sonra səsləndirdiyi təhdidlər, sərhəddə keçirdiyi hərbi təlimlər, molla rejiminin Ermənistanı yenidən müharibəyə sövq etmək üçün dəridən-qabıqdan çıxması kimsəyə sirr deyil. Bütün bunlardan sonra səfirliyə edilən bu hücumun açıq şəkildə terror olduğuna heç bir şübhə yeri qalmır”.
XİN: Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb
Mehsa Mehdili deyib ki, molla rejiminin bu hücumun guya məişət zəminində baş verməsi barədə açıqlaması sadəcə iz azdırmaq məqsədi daşıyır: “Digər tərəfdən, İranın siyasi sisteminə bələd olanlar yaxşı bilir ki, İran hakimiyyətinin, təhlükəsizlik qüvvələrinin şərait yaratmaması təqdirində Tehranın ortasında belə bir hücum mümkün deyil. Elə terror hücumuna dair videogörüntülər prosesdə İran polisinin də rol aldığını deməyə əsas verir. Çünki polis həmin hücum edən terrorçuya mane olmur. Hər halda, İran həm bu baxımdan, həm də səfirliklərin təhlükəsizliyinin təmininə dair beynəlxalq hüquq baxımından bu hücuma görə məsuliyyət daşıyır”.
Müsahibimiz qeyd edib ki, İran gerçəkdən də prosesdə əlinin olmadığını sübut etmək istəyirsə, o zaman hadisənin tərəfsiz qüvvə tərəfindən araşdırılmasını təmin etməlidir: “Eyni zamanda Azərbaycan və Türkiyənin bu terror hücumunun araşdırılması üçün lazım olan bütün addımları atacağına əminəm”.