Press "Enter" to skip to content

Azərbaycana sevgini mənə anam aşılayıb

Selçuk Karakılıç

Son yeniləmə: 30 Yanvar 2023 14:10

Selçuk Karakılıç: Yavuz Bülent Bakilerin “Azerbaycan yüreğimde bir şahdamardır”, “Karabağ hasreti” şeirlərini oxuyarkən Azərbaycana daha böyük sevda ilə bağlandım

BAYRAQDAR MEDİA – “Mən 2020-ci ilin fevralında Azərbaycana, bu vəzifəyə təyinat aldım. Yəni pandemiyadan bir ay öncə bura gəldim. Mən bura gələndən sonra Tibb Universitetində oxuyan bəzi gənclər zəng edərək, “hocam, Azərbaycanda da koronavirusa yoluxmaların olduğunu eşitdik, siz nə deyirsiniz, bu xəbərlər doğrudurmu” deyə soruşmuşdular. Mən isə onlara, “Çin harada, Azərbaycan harada, bunlar bir dedi-qodudur. İnanmayın belə şeylərə”, deyə cavab vermişdim. Düzü, pandemiyanın bu qədər qlobal miqyasda yayılacağını heç güman etməmişdim. Amma bildiyiniz kimi, pandemiya həyatımıza daxil oldu və təxminən 1,5 il müddətində bütün dünyanı əsir aldı”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç dedi.

Selçuk Karakılıç (sağda) və Nadir Azəri
Selçuk Karakılıç (sağda) və Nadir Azəri

Müsahibəyə keçməzdən öncə bildirək ki, S.Karakılıç 15 fevral 1982-ci ildə Ankarada anadan olub. İlk və orta təhsilini Ankarada, ali təhsilini isə Niğdedə alıb. Beş il müxtəlif dövlət məktəblərində türk dili və ədəbiyyatı fənnini tədris edib. Müxtəlif ədəbiyyat dərgilərində şeir, reportaj və araşdırma yazıları dərc edilib. O, bir sıra kitabların da müəllifidir. 2020-ci ilin fevralından Bakı Yunus Emre İnstitutunun müdiri vəzifəsində işləyir.

Pandemiya bizim də fəaliyyətimizə mənfi təsir göstərdi

Ötən müddət ərzində görülən işlərlə bağlı sualı cavablandıran S.Karakılıç qeyd etdi ki, COVID-19 pandemiyası hazırda onun rəhbərlik etdiyi Bakı Yunus Emre İnstitutunun işinə də öz mənfi təsirini göstərib: “Təbii ki, bu, mənim planlarıma, yəni burada rəhbər vəzifədə olaraq həyata keçirmək istədiyim işlərə də öz mənfi təsirini göstərdi. Hardasa iki ilimiz hədər getdi. Həmçinin, iqtisadi baxımdan da bəzi problemlər yarandı. Bir misal deyim. Əgər pandemiyadan öncə, yəni 2019-cu ildə və ondan əvvəl gördüyümüz işin dəyəri 1 dollar, yaxud 1 manat idisə, pandemiyadan sonra bu artıq 5-7 manat oldu. Pademiyanın gətirdiyi bir başqa mənfi məqam isə insanların özünə qapanması və bundan irəli gələn porblemlərlə bağlıdır. Yəni fövqəladə vəziyyətlərdə insanlar adətən özünə qapanır və bunun gətirdiyi şok nəticəsində gələcəklə bağlı ümidsizlik yaranır. Bu zaman isə insan adətən ancaq özünü doydurmaq, isti yer təmin etmək barədə düşünər. Belə hallarda kino, musiqi, digər mədəni tədbirlər insanların yadına düşməz. Mən məhz bütün dünyada belə çətinliklərin mövcud olduğu bir dönəmdə Azərbaycana gəldim”.

Azərbaycana marağımın, sevgimin tarixi uşaqlıq illərimə söykənir

Bu vəzifəyə təyinat almağının heç də təsadüfi olmadığını bildirən müsahibimiz, “Çünki Azərbaycana xüsusi sevgi bəsləyirəm. Bu sevgini mənə anam aşılayıb. Azərbaycana marağımın, sevgimin tarixi uşaqlıq illərimə söykənir. Azərbaycan barədə ilk dəfə uşaq vaxtı anamdan eşitdim və Azərbaycanı sevməyi də anamdan öyrəndim. Bunu bir qədər geniş izah edim. 1992-ci ildə TRT-də xəbərlər verilirdi. Anamın xəbərlərin bəzilərini dinləyərkən əllərini dizlərinə çırparaq “vay, yazıqlar” dediyini və ağladığını görürdüm. Bir dəfə dözməyib soruşdum ki, ana, niyə ağlayırsan, bu xəbərlərdə kimdən bəhs edilir? Onu deyim ki, anam yüksək təhsil görmüş biri deyil. Öz adını belə yaza bilməz. Ancaq buna rəğmən həmin xəbərləri diqqətlə izləyirdi və mənim sualıma belə cavab verdi: “Oğlum, onlar bizim qardaşlarımızdır. Allah onların yardımçısı olsun. Onlar Azərbaycanda yaşayan bizim qardaşlarımızdır”. Bu cavabdan sonra uşaq olsam belə xəbərləri izləməyə başladım və anladım ki, ermənilər Azərbaycan torpaqlarını işğal edirlər. Yəni heç bir oxuma-yazma bilməyən, sadə bir türk insanı olaraq anamın dedikləri, xəbərlərə baxaraq hər dəfə azərbaycanlı qaçqınları gördükcə dizinə vurub ağlaması anamda olan Azərbaycan sevgisini mənə də ötürdü. Beləliklə də mən o gündən başlayaraq Türkiyədə Azərbaycanla bağlı yazılan şeirləri oxudum, musiqiləri dinlədim, məqalələri oxudum. Bu isə məndə Azərbaycan sevgisini hər keçən gün daha da artırdı” dedi.

Selçuk Karakılıç: İllərdir həsrətini duyduğum Qarabağın işğaldan azad edilməsini burada mən günbəgün, saatbasaat yaşayaraq, qürurlanaraq, o canlı və şanlı tarixə şəxsən şahid oldum
Selçuk Karakılıç: İllərdir həsrətini duyduğum Qarabağın işğaldan azad edilməsini burada günbəgün, saatbasaat yaşayaraq, qürurlanaraq, o canlı və şanlı tarixə şəxsən şahid oldum

Müsahibimiz qeyd etdi ki, bu sevgi tələbəlik illərində də davam etdi: “Mən ədəbiyyat fakültəsinin məzunu və ədəbiyyat müəllimiyəm. 2001-ci ildə Niğde Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil almağa başladım. Üçüncü kursda bizə türk dünyası ədəbiyyatı tədris olunurdu. Bir sıra türk xalqlarının diksiyasını, yazıçı və şairlərinin yaradıcılığını öyrənirdik. Biz türk xalqlarından birini seçməliydik və digər türk xalqlarını da çox sevməyimə rəğmən heç bir tərəddüd etmədən məhz Azərbaycan dili və ədəbiyyatı dərsini seçmişdim. Təbii ki, burada da yuxarıda dediyim kimi, anamın mənə aşıladığı Azərbaycan sevgisi öz təsirini göstərmişdi. Aradan bir müddət də keçdi, dəyərli hocalarımdan olan Yavuz Bülent Bakilerin “Azerbaycan yüreğimde bir şahdamardır”, “Karabağ hasreti” şeirlərini oxuyarkən Azərbaycana daha böyük eşqlə, sevda ilə bağlandım. Beləliklə, hələ uşaq vaxtı Azərbaycanı görmədən məndə baş qaldıran Azərbaycan sevgisi hər keçən gün daha da artırdı. Çəkinmədən bildirirəm ki, buranın tarixinə, mədəniyyətinə, şeirinə, sənətinə, həmçinin sənət insanlarına inanılmaz heyran olan birisiyəm. Bir sözlə, Azərbaycana gəliş səbəbim bu torpaqları sevməyim və buralara xidmət etmək istəyi ilə bağlıdır. Düzdür, rəsmi vəzifəyə başlayarkən gəldiyim vaxt, dediyim kimi, pandemiya dövrünə təsadüf etdi. Amma həm də tarixi Zəfərə şahidlik etdim. İllərdir həsrətini duyduğum Qarabağın işğaldan azad edilməsini burada günbəgün, saatbasaat yaşayaraq, qürurlanaraq o canlı və şanlı tarixə şəxsən şahid oldum”.

Mən bunu dolub daşan barajlara bənzədirəm

“Bu iki il işərisində nələri etdiniz” sualına gəlincə, müsahibimiz aşağıdakıları qeyd etdi: “Tarix durmaz, davamlı axar. Türkiyə və Azərbaycan arasındakı qardaşlıq illər boyu davam etdi. Amma İkinci Qarabağ savaşından sonra bir başqa mərhələyə qədəm qoydu. Mən bunu dolub daşan barajlara bənzədirəm. Bildiyiniz kimi, barajlar dolar və o həddə çatar ki, suyu boşaltmaq lazım olar. O zaman qapıları birdən açınca enerji ilə birlikdə o su inanılmaz bir güclə axıb keçər. Türkiyə-Azərbaycan əlaqələri artıq o dolub daşan barajların enerjisinə bənzəyir. Məhz bundan güc alaraq bu iki ildə fəaliyyətimizdə təkcə Türkiyəni anlatmağa yox, bu təbliğatı ikitərəfli qaydada reallaşdırmağa üstünlük verdik və hazırda da veririk. Bu iki ildə sənət, mədəniyyət və elm sahəsində qarşılıqlı əlaqələrin inkişafına xidmət edən işlər görməyə çalışdıq. Bəzən bunu geniş bir proqramla, bəzən isə dar çərçivədə etdik. Dar çərçivə deyərkən, onu nəzərdə tuturam ki, bəzən buradan bir neçə heykəltəraşın Türkiyədəki bir neçə universitetdə yerləşdirilməsi, yaxud bir neçə musiqi müəlliminin Türkiyədə bir neçə konservatoriyada və ya universitetlərdə dərs deməsini təşkil etdik. Pandemiyanın ilk ilində Azərbaycanda Nizami Gəncəvi ili elan edilmişdi. Biz o günlərdə Yunus Emre ilə Nizami haqqında bir teatr pyesi hazirladıq. Bir tədbir keçirdik. Beynəlxalq aləm tərəfindən izlənən Youtube kanalı ilə bir proqram hazırladıq. Ən çox önəm verdiyimiz işlərdən biri də Şuşanın Türkiyədə daha çox tanınması istiqamətində oldu. Şuşa nədir, Türkiyə türklərinin zehnində Şuşanın anlamı nə olmalıdır suallarını cavablandıran bir neçə işlər gördük. Onlardan biri də odur ki, Türkiyədən iki tanınmış Youtuber gətirdik. Mədəniyyət Nazirliyi ilə birlikdə onları Şuşaya apardıq. Onlar 15 dəqiqəlik bir film çəkdilər. Bu film hazırda 201 min nəfər tərəfindən izlənib. Yəni bununla sanki 201 min insanı Şuşaya gətirmiş olduq. “Qarabağın qara kitabı” və “Salam, Azərbaycan” adlı kitabları Türkiyə türkcəsinə çevirib hazırladıq. Onlar Türkiyədə yayımlandı. Hazırda isə “Şuşa” adlı kitab Türkiyə türkcəsinə çevrilir”.

Şuşanın işğaldan azad edilməsi İstanbulun işğaldan azad edilməsi kimi tarixi önəm kəsb edir

S.Karakılıç bir məqamı da vurğuladı: “Bir haşiyəni də çıxım. İstanbulun işğalı İstiqlal savaşında Türkiyə türkləri üçün nəyi ifadə edirdisə, Şuşanın işğalı da azərbaycanlılar üçün onu ifadə edir. Yəni Şuşanın işğaldan azad edilməsi İstanbulun işğaldan azad edilməsi kimi tarixi önəm kəsb edir. İstanbul Türkiyə türklərinin mədəniyyətinin formalaşması üçün hansı rolu oynayıbsa, Şuşa da Azərbaycan üçün o rolu oynayır. Ümumiləşdirsək, bu iki il ərzində Türkiyə və Azərbaycan arasında mədəni sahədə bir bağ qurmaq, yaxud daha da möhkəmləndirmək üçün fərqli proqramlar reallaşdırdıq”.

Müsahibə zamanı
Müsahibə zamanı

2023-cü il üçün fəaliyyət planına dair suala gəlincə, müsahibimiz dedi ki, bu il əlamətdar günlər və hadisələr baxımından xüsusilə yaddaqalan olacaq: “Çünki 2023-cü il üç vacib və tarixi məqamı özündə birləşdirir. Bu il Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümdür. Həmçinin, bu il Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı kimi beynəlxalq aləmin diqqətində olacaq. Bakı Yunus Emre İnstitutu illik fəaliyyət proqramını hazırlayarkən bunları xüsusi olaraq əsas götürüb. Mən Heydər Əliyev haqqında bir yazı hazırlayıram. “Bir kültür adamı olaraq Heydər Əliyevin portreti” başlıqlı bu yazıda Heydər Əliyevin ən çətin zamanlarda belə, yəni sovetlərin o sərt qadağasına baxmayaraq Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, şeir, sənət adamlarına sahib çıxmasından bəhs edəcəyəm.

Belə şəxsiyyətlər hər yüz ildən bir yetişir

Bundan başqa, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş həm Türkiyədə, həm də Azərbaycanda gözəl bir konsert proqramı, həmçinin onun mədəniyyət siyasətinə həsr edilmiş sərgi təşkil etməyi planlaşdırırıq. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə gəlincə, yenə də mədəni proqramlara üstünlük verəcəyik. Bir böyük konsertimiz, kino və kitab festivallarımız olacaq. Təbii ki, yuxarıda qeyd etdiyim kimi, bu il Şuşa türk dünyasının mədəniyyət paytaxtı kimi diqqətdə olacaq və bütün tədbirlərimzdə bu məqamı da öndə tutacağıq”.

Mission News Theme by Compete Themes.