Son yeniləmə: 30 Yanvar 2023 19:12
BAYRAQDAR MEDİA – Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycanın Ermənistana qarşı hüquqi təqib təşəbbüsləri üzrə ictimai dinləmələr keçirəcək.
Diasporla iş üzrə Dövlət Komitəsindən BAYRAQDAR MEDİA-ya yanvarın 30-danməlumat verilib.
Bildirilib ki, dinləmələr Azərbaycanın yanvarın 3-də Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr edilib.
Qeyd edilib ki, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya ilə bağlı (Azərbaycan Ermənistana qarşı) ictimai dinləmələr Haaqadakı Sülh Sarayında Coan Donoqyunun hakimliyi ilə baş tutacaq: “Azərbaycanın Niderland Krallığındakı fəal diaspor təşkilatlarının – Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, Benilüks Azərbaycanlıları Konqresi, Niderland – “Azərbaycan Evi” təşkilatı, Beynəlxalq Xanımlar Klubu, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təmsilçiləri ölkəmizin haqlı mövqeyini beynəlxalq müstəvidə dəstəkləmək üçün bu gündən etibarən Haaqa Ədalət Sarayının qarşısına toplaşıblar. Diaspor fəalları əllərində erməni təcavüzünü pisləyən plakatlar tutaraq hakimlərin diqqətini çəkməyə çalışır, onları ədalətli olmağa səsləyirlər”.