Son yeniləmə: 30 Yanvar 2023 17:48
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti qardaş Türkiyənin paytaxtı Ankarada səfərdə olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 30-da Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti “Havelsan Texnoloji Radar” şirkəti, “ODTÜ Teknokent”, “OSTİM Teknokent”, “Ankara Universiteti Teknokent” və “Bilkent Cyberpark”la qarşılıqlı müzakirələrin aparılması məqsədilə görüşlər keçirib: “Görüşlərdə Dövlət Agentliyinin fəaliyyəti, “ASAN xidmət”, “İnnovasiyalar Mərkəzi” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi haqqında geniş məlumat verilib, ölkəmizdə startap ekosisteminin inkişafı və biznes mühitinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Həmçinin bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə edilib”.
Məlumata görə, “ODTÜ Teknokent”, “Bilkent Cyberpark” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında Əməkdaşlığa dair Memorandum imzalanıb: “Memorandumun əsas məqsədi hər iki ölkədə startapların böyüməsini təmin etmək, yerli bazarda böyümək istəyən sahibkarları qarşılıqlı dəstəkləmək, bu sahədə tədqiqat və inkişaf işləri aparmaqdır. Eyni zamanda, qeyd olunan işlərin icrası üçün zəruri infrastrukturun yaradılması, startap ekosisteminə töhfə verəcək birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.