BAYRAQDAR MEDİA – Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu bütün dünyada ciddi narahatlığa səbəb olub. Təbii ki, Azərbaycan Respublikasındakı narahatlıq daha ciddi və daha nəzərəçarpandır. O baxımdan cəmiyyətin ayrı-ayrı kəsimləri, qurumlar məsələyə sərt reaksiya verir.
Belə reaksiyalardan birini də ölkədə fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatı birgə bəyanatla ifadə edib. BAYRAQDAR MEDİA-ya daxil olan bəyanatda deyilir (tam mətn):
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri olaraq 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk.
Bu hücum birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır və beynəlxalq hüququn pozuntusudur. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazlar haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir.
1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, “diplomatik nümayəndəliklərin binalarını istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir”.
Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib.
Xüsusən 2020-ci il Vətən Müharibəsindən sonra İranda, o cümlədən İran mediasında və müxtəlif qurumlarda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması, Azərbaycana qarşı mənfi münasibətlər bu terror aktının törədilməsinə bir növ şərait yaratmışdır.
İranda Azərbaycanın diplomatik təmsilçiliyinə qarşı əvvəllər də müxtəlif xarakterli təhdidlər olub, bu haqda İrana müraciətlər olunub. Buna baxmayaraq İran dövləti bu təhdidlərin qarşısının alınması istiqamətində heç bir fəaliyyət göstərməyib və nəticədə bu xain terror aktı törədilib.
Görünən odur ki, xain terror aktını törədən şəxsin sərbəst şəkildə Azərbaycan səfirliyinə gəlişi, “kalaşnikov”la səfirliyə hücumu öncədən planlaşdırılmış və bu hadisənin qarşısının alınması üçün İran tərəfindən heç bir addım atılmamışdır.
Hadisə nəticəsində Azərbaycan səfirliyinin əməkdaşının həlak olması və digər əməkdaşların yaralanması bütün Azərbaycan xalqını dərindən sarsıtmışdır.
Ümid edirik, eləcə də tələb edirik ki, bu hadisəni sifariş edənlər və törədənlər ən ağır şəkildə cəzalandırılacaq və bu hallar bir daha təkrarlanmayacaq.
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq hesab edirik ki, Azərbaycan səfirliyinə hücumun məsuliyyətini İran bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalıdır. Eyni zamanda, İran İslam Respublikasından hadisəni törədənlərin, sifarişçilərin, cavabdehlərin tapılıb cəzalandırılmasını qətiyyətlə tələb edirik.
Bununla yanaşı, Azərbaycan qeyri-hökumət təşkilatları olaraq günahkarların layiqli cəza alması məqsədilə bütün beynəlxalq təşkilatlara müraciət edir və bu terror hadisəsinə qiymət verilməsini tələb edirik.
Əlavə edək ki, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bu aksiyanı qınayan petisiya başladaraq imza toplamaqdadır.