Son yeniləmə: 27 Yanvar 2023 09:56
Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyada təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət heyət qardaş Türkiyəyə səfər edib.
Azərbaycanın Türkiyədəki səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Anıtqəbiri ziyarət edib, Mustafa Kemal Atatürkün məzarı önünə əklil qoyub və Anıtqəbir muzeyi ilə tanış olub: “Baş nazirin müavini Şahin Mustafayev xatirə kitabına ürək sözlərini yazıb. Eyni zamanda, nümayəndə heyəti Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib”.
Məlumatda daha sonra deyilir: “Ankarada nümayəndə heyətini Türkiyənin vitse-prezidenti Fuat Oktay qəbul edib. Görüşdə dövlət başçılarımızın səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib, uğurlu əməkdaşlığımızın artıq ikitərəfli formatdan çıxaraq, regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb. Ümummilli liderlərimiz Heydər Əliyevin “bir millət, iki dövlət” və Qazi Mustafa Kemal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” şüarları əsasında inkişaf edən münasibətlərimiz dövlət başçılarımız İlham Əliyevin TANAP layihəsinin açılış mərasimində səsləndirdiyi “Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir.” və Recep Tayyip Erdoğanın Şuşa Bəyannaməsinin imzalanma mərasimində səsləndirdiyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.” tezisləri ilə yeni mərhələyə qədəm qoyub”.
Görüşdə çıxış edən Baş nazirin müavini, Komissiyanın sədri Ş.Mustafayev qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində irimiqyaslı layihələrin icrasında da Türkiyə şirkətləri bizimlə bərabər çalışır: “Ermənistan tərəfindən işğal dövründə həmin ərazilərdə hər şey, o cümlədən bütün infrastruktur tam dağıdılmışdır və bunlar müasir tələblərə uyğun yenidən qurulur. Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində hava limanları, su anbarları inşa edilir, avtomobil yolları salınır, dəmir yolları çəkilir, tunellər tikilir və digər bir sıra infrastruktur layihələri gerçəkləşdirilir”.
Ankarada nümayəndə heyəti ilə eyni zamanda Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi arasında görüş keçirilib. Həmçinin, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunması sahəsində Türkiyə təcrübəsi ətrafında müzakirələr aparılıb, təqdimatlar dinlənilib.
Məlumatda o da vurğulanır ki, səfər çərçivəsində 27 yanvar tarixində nümayəndə heyətinin Çamlıdere su anbarına, Gerede içməli su tunelinə və bir sıra digər su təsərrüfatı obyektlərinə yerində baxış keçirməsi, su təsərrüfatı obyektlərinin inteqrasiyalı idarə edilməsi və səmərəli istismarı ilə bağlı fikir mübadiləsi aparması nəzərdə tutulur: “Azərbaycan nümayəndə heyətinin tərkibinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və digər rəsmi şəxslər daxildir”.