Son yeniləmə: 27 Yanvar 2023 20:57
Əlirza Abdullahi: Molla rejiminin “şiə hilalı” siyasəti istiqamətində xarici ölkələrdə reallaşdırılan bütün qanlı hadisələrdə, terror aksiyalarında SEPAH-ın rolu, imzası var
BAYRAQDAR MEDİA – “İranda SEPAH demək, hər şey deməkdir. Əslində, SEPAH İranda dövlət içində dövlət kimi qəbul edilən bir qurumdur. Çünki hakimiyyətin bütün pillələrində vəzifə daşıyanların 70 faizi keçmiş SEPAH üzvləridir. Eyni zamanda, sözdə İran parlamentinin tərkibinə baxdıqda da oxşar mənzərənin şahidi oluruq. Çünki parlament üzvlərinin də 70-80 faizi məhz SEPAH üzvləridir, yaxud da vaxtı ilə bu qurumda olublar. Bir sözlə, SEPAH İranda hər şeyə və hər yerə nəzarət edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda ABŞ-ın Florida ştatında yaşayan Güney Azərbaycanlı milli fəal Əlirza Abdullahi deyib.
Onun sözlərinə görə, İranda bütün sahələrdə idarəçiliyi və nəzarəti öz əlinə alan SEPAH hətta nüvə silahlarına nəzarəti də əlində saxlayır: “Təsəvvür edirsinizmi, bu təşkilat hətta İranın daxili və xarici maliyyə əməliyyatlarına, iqtisadi müqavilələrə, idxal-ixrac əməliyyatlarına da birbaşa nəzarət edir. SEPAH, həmçinin, ofşor şirkətlər yaradaraq İrana qarşı sanksiyalardan yan keçməyə çalışır. SEPAH İranın ali dini rəhbəri Seyid Əli Xameneyini və ailəsini qoruyan sistemdir. SEPAH İran İslam İnqilabından sonra yaranan və bir növ ordu ilə eyni hüquqa malik sistemdir. İranda polis sisteminin rəhbərləri yenə də SEPAH-dan gələnlərdir. Bir sözlə, bu gün SEPAH demək, elə İran deməkdir”.
Məlumat üçün qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Layen İranda insan haqlarının pozulmasına görə İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsinin tərəfdarı olduğunu bildirib. O, Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı, “biz həqiqətən yeni sanksiyalar paketini nəzərdən keçiririk və mən də İnqilab Keşikçiləri Korpusunun bu siyahıya daxil edilməsini dəstəkləyirəm” deyib.
Bu məqama toxunan Ə.Abdullahi deyib ki, Avropa Birliyinin SEPAH-ı terror təşkilatı kimi tanıması İranda bütün sahələrə öz mənfi təsirini göstərəcək: “Bu gün uğursuz siyasəti ucbatından dünyada embarqolara tuş gələn İRAN SEPAH-ın terror təşkilatı kimi tanınması ilə ikinci sarsıdıcı zərbə alacaq. Bu qərar qəbul edilərsə, ən böyük zərbəni məhz Xameneyi alacaq. Çünki SEPAH-ın başında elə Xameneyinin özü dayanır. Buna görə İranın müvafiq qurumları, o cümlədən Xarici İşlər Nazirliyi AB-yə qarşı hədələyici bəyanatlar səsləndirir. Amma hər kəsə bəllidir ki, bu hədələyici bəyanatların heç bir təsiri yoxdur. Əksinə, bu, İranın özünü daha da çıxılmaz duruma salır. Çünki SEPAH-ın ölkə xaricində müxtəlif dövlətlərdə terror aksiyaları və çevrilişlərdə iştirak etdiyi bütün dünyaya məlumdur. Molla rejiminin “şiə hilalı” siyasəti istiqamətində xarici ölkələrdə reallaşdırılan bütün qanlı hadisələrdə, terror aksiyalarında SEPAH-ın rolu, imzası var. SEPAH-ın terror təşkilatı kimi tanınması elə bu terror təşkilatının xaricdəki qanadlarının da zərərsizləşdirilməsi ilə nəticələnəcək. Bir sözlə, ümumilikdə, bu gün dünyadakı mövcud durum onu deməyə əsas verir ki, hər keçən gün İranın daha da çıxılmaz durumla üzləşməsi ilə nəticələnir”.