Son yeniləmə: 27 Yanvar 2023 21:10
Savaş Mərəndli: Güney Azərbaycan mövcud fars-molla rejiminin işğalı altında qaldıqca, soydaşlarımız ayrıseçkiliyin, diskriminasiya siyasətinin qurbanı olacaq
BAYRAQDAR MEDİA – “İran fars işğalçı rejimi fars irqçiliyi əsasında qurulmuş və bütün qeyri-fars millətlərə ayrıserçkiliklə yanaşan, xüsusilə də türk düşmənliyi ilə fərqlənən bir rejimdir. Ümumiyyətlə, şah dövründə də, hazırkı molla rejimi dövründə də İran dövlətinin mərkəzində antitürk siyasəti dayanır. Buna görə də fars şovinizmi əvvəllər olduğu kimi, hazırda da Güney Azərbaycan türklərini yox etmək siyasəti yürüdür”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli deyib.
Onun sözlərinə görə, bu yoxetmə siyasəti bütün sahələrdə, o cümlədən mədəni, elmi, sosial və iqtisadi sferalarda davam etdirilir: “Fars şovinziminin antitürk siyasəti özünü hətta bizə məxsus təbii sərvətlərə, həmçinin Urmu gölünə qarşı da bütün vəhşiliyi ilə büruzə verir. Molla rejiminin bilərəkdən atdığı qeyri-insani addımlar nəticəsində bu göl qurudulub. Güney Azərbaycanlılar bu cür düşmən yanaşmanı, diskriminasiya siyasətini hər zaman hiss edirlər”.
S.Mərəndli deyib ki, bu yaxınlarda Xoyda baş verən zəlzələdən əziyyət çəkən azərbaycanlılara lazımi köməyin göstərilməməsi də etnik diskriminasiya siyasətinin növbəti təzahürüdür: “Ümumiyyətlə, zaman-zaman bu cür təbii fəlakətlər vaxtı fars-molla rejimi Güney Azərbaycanı tək və çarəsiz buraxır. Hətta dövlətin yardım göstərməməsi bir yana, təbii fəlakətə tuş gələn soydaşlarımıza xaricdən yardım etmək istəyənlərin müraciətləri də mənfi cavablandırılır. Məsələn, Azərbaycan bölgəsində olan zəlzələ zamanı, yaxud digər təbii fəlakətlər zamanı Azərbaycan və Türkiyənin yardım etmək müraciəti fars-molla rejimi tərəfindən mənfi cavablandırılıb. Amma bu zəlzələ fars bölgələrində olsaydı, o zaman molla rejimi müsbət cavab verərdi. Digər əyalətlərdən yardım aparmaq istəyən sadə vətəndaşların da qarşısı kəsilir, onlara maneələr törədilir. Faciəmiz bununla da tamamlanmır. Təsəvvür edin ki, bir neçə il öncə Ərdəbildə zəlzələ olarkən bizim soydaşalırmız o köhnə evlərin dağıntıları altında qaldı. İran rejimi onlara yardım göstərməkdənsə, həmin vaxt Qarabağı işğal altında saxlayan ermənilərə yol tikirdi. Yəni işğalçı erməniyə yol çəkmək üçün bütün texniki imkanlarla və maddi baxımdan dəstək verən fars-molla rejimi Ərdəbilə adi bir buldozer də göndərmədi ki, o dağıntılar altında qalan insanlar çıxarılsın”.
Müsahibimiz qeyd edib ki, buna görə də Xoy zəlzələsi zamanı zərər görən Güney Azərbaycanlılara İran rejiminin yardım göstərməməsi soydaşlarımız üçün təəccüblü deyil: “Biz artıq buna, bu cür qeyri-insani davranışa, etnik diskriminasiya siyasətinə bir növ öyrəncəliyik. Sərvətlərimizi talayan rejim bunun müqabilində xalqımızı işsiz və kasıb duruma salıb. Üstəlik bu cür fəlakətlər zamanı da xalqımıza heç bir dəstək göstərilmir. Məqsəd bəllidir. Azərbaycan xalqını mümkün qədər ölümə, yoxsulluğa tərk etmək, sağ qalanlaırn da o ərazilərdən köçüb getməsinə təkan vermək. Sonra isə Güney Azərbaycanlıların yaşadığı həmin ərazilərə farsları, yaxud kürdləri yerləşdirməklə öz faşist siyasətini davam etdirməkdir. Hesab edirik ki, Güney Azərbaycan mövcud fars-molla rejiminin işğalı altında qaldıqca, soydaşlarımız ayrıseçkiliyin, diskriminasiya siyasətinin qurbanı olacaq. Ona görə də Güney Azərbaycanlıların yeganə yolu bir yumruq kimi birləşib bu işğalçı rejimi öz torpaqlarından qovub öz müstəqil dövlətini, Güney Azərbaycan Cümhuriyyətini qurmaq, daha sonra isə Azərbaycan Respublikası ilə birləşərək, bütöv Azərbaycan halında azad və müstəqil yaşamaqdır. Bir sözlə, bizim tək çarəmiz istiqlaldır. Elə bizim partiyanın da əsas şüarı budur – “Qalx ayağa, haqqını al, yaşa, yaşa, istiqlal!”