Press "Enter" to skip to content

Bakı Slavyan Universitetində imtahan sessiyası

BSU rektoru Anar Nağıyev imtahan zamanı

BAYRAQDAR MEDİA – Yanvarın 5-dən etibarən Bakı Slavyan Universitetində (BSU) 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Sessiya elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir.

BSU rektorunun müşaviri Elçin Hüseynov 525.az-a deyib ki, imtahanlarla bağlı Universitetdə əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, sessiyanın keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər görülüb. İmtahanlararası növbəliliyin gözlənilməsi məqsədi ilə imtahanlar hər iki tədris binasında üç növbədə keçirilir: “Məlumat üçün bildirim ki, imtahanlarda ümumilikdə 4 min 238 tələbə iştirak edir. İmtahanlar əsasən yazılı və şifahi keçirilir. Hər fənn üzrə tələbələrin imtahana qədər qiymətləndirmə balları müvafiq fakültələr tərəfindən tələbələrə elan olunub. Tələbələr imtahan verdiyi gün və ya növbəti gün qiymətləri ilə bağlı məlumatlandırılır. Akademik borcu olan tələbələr üçün təkrar imtahanlar cari sessiya müddətində keçirilir. Cari sessiyada isə üzrlü və üzrsüz səbəbdən akademik borcu yaranacaq tələbələr üçün təkrar imtahanlar 2 fevral tarixindən 11 fevral tarixinə qədər təşkil olunacaq”.

E.Hüseynov bildirib ki, sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədi ilə Operativ Qərargah və müvafiq fakültələr üzrə Apelyasiya Komissiyası yaradılıb.

Sevinc Q.

Qeyd: Xəbər 525.az-ın icazəsi ilə xırda düzəltmələrlə dərc edilib.

Mission News Theme by Compete Themes.