BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO) ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 26-da Agentlikdən məlumat verilib.
Bildirilib ki, kənd təsərrüfatı istiqamətində məşğulluq məsələlərinin müzakirə edildiyi görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilk olaraq aktiv məşğulluq tədbirlərinin ildən ilə genişləndiyini, yeni əməkdaşlıqlar hesabına bir sıra layihələrin icra edildiyini diqqətə çatdırıb: “Əsas fəaliyyət istiqamətlərindən hesab edilən özünüməşğulluq proqramından danışaraq bu ildən kənd təsərrüfatı istiqaməti üzrə daha çox şəxsin proqrama cəlb ediləcəyini bildirib. Agentlik sədri yaxın gələcəkdə bu proqramın individuallıqdan korporativ xidmətə keçidi ilə bağlı planların olduğunu deyib. O, eyni zamanda peşəkar kadrların hazırlanması istiqamətində Agentlik tərəfindən görülən tədbirlərdən də bəhs edib”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutu Azərbayacanda yeni layihələrin icra olunmasında, o cümlədən kənd təsərrüfatı əhəmiyyətli layihələrdə Dövlət Məşğulluq Agentiyi ilə birgə fəaliyyətə hazır olduqlarını vurğulayıb.
Daha sonra görüşdə xüsusilə kənd təsərrüfatı istiqaməti üzrə məşğulluğun artırılması məsələləri və FAO ilə birgə bu istiqamətdə görülməsi mümkün olan işlər, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi müzakirə olunub: “Bundan başqa görüşdə müzakirə edilən məsələlərdən biri də işğaldan azad olunan ərazilərdə məşğulluğun təmini ilə bağlı olub. Həmin ərazilərdə dayanıqlı məşğulluğun təmini məqsədilə kooperativlərin yaradılması, bu sahədə digər ölkələrin təcrübələrinin öyrənilməsinin əhəmiyyəti qeyd edilib”.