Son yeniləmə: 26 Yanvar 2023 12:55
BAYRAQDAR MEDİA – Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi barədə əmrinə əsasən, Quru Qoşunlarının 2023-cü il hazırlıq planına uyğun olaraq daşqaldırma birinciliyi keçirilib.
Bu barədə BAYARQDAR MEDİA-ya yanvarın 26-da Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib: “Birinciliyə başlanmamışdan öncə hərbi qulluqçulara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb. Birdən və təkanla qaldırma üzrə 43 nəfər hərbi qulluqçunun iştirak etdiyi yarışlarda 8 komanda üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb”.
Qeyd edilib ki, daşqaldırma birinciliyində iştirak edən “Kəlbəcər”, “Hadrut” və “Bərdə” komandaları ümumi nəticələrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar: “Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib, xatirə şəkli çəkdirilib. Qeyd edək ki, qaliblər cari ilin fevral ayında Azərbaycan Ordusu üzrə keçiriləcək daşqaldırma birinciliyində güclərini sınayacaqlar”.