Son yeniləmə: 26 Yanvar 2023 13:23
Məcid Cavadi: Öz cümhuriyyətimizi qurmadığımız müddətdə xalqımız fars-molla rejiminin ayrı-seçkilik siyasətinin qurbanı olacaq
BAYRAQDAR MEDİA – “Bəlli olduğu kimi, İranda, Xoyda bir neçə gün öncə zəlzələ oldu. Təbii fəlakət nəticəsində bir neçə kənddə evlər dağılıb, yaralananlar, müxtəlif xəsarət alanlar olub. Bu fəlakət İranla bağlı iki məqamı bir daha üzə çıxardı. Bunlardan biri budur ki, bu cür hadisələr zamanı yardımlar gec gəlir. Bu gecikmə ümumilikdə İranda idarəçilikdə mövcud olan boşluqdan irəli gəlir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatı Mərkəzi Şurasının üzvü və qurumun sözçüsü Məcid Cavadi deyib.
Onun sözlərinə görə, İran dövləti hər məsələdə olduğu kimi bu sahədə də bütün dünya standartlarından geridə qalır: “İkinci məsələ isə rejimin farsçı mahiyyətindən irəli gəlir. Yəni hər zaman olduğu kimi bu dəfə də rejim Güney Azərbaycan türklərinə yardım məsələsini arxa plana keçirdi. Dediyim kimi, fars rejiminin mahiyyətində dayanan əsas məqam bu cür hallarda fars əyalətlərinə dəstək vermək, ümumilikdə bütün imkanları fars əyalətlərinin inkişafına yönəltməkdən ibarətdir. Buna görə də qeyri-fars millətləri, xüsusilə də Güney Azərbaycan türkləri ayrı-seçkiliyə məruz qalırlar. Yəni dediyim odur ki, fars-molla rejiminin Xoy zəlzələsi zamanı Güney Azərbaycan türklərinə etinasız yanaşması heç də təsadüfi deyil”.
M.Cavadi bildirib ki, İranda zəlzələdən əziyyət çəkən azərbaycanlılara lazımi köməyin göstərilməməsi etnik diskriminasiya siyasətinin növbəti təzahürüdür: “Bu fakt bir daha o fikri təsdiq edir ki, biz artıq öz müqəddəratımızı özümüz müəyyən etməliyik. Yəni öz müstəqil cümhuriyyətimizi qurmadığımız müddətdə xalqımız fars-molla rejiminin bu cür ayrıseçkilik siyasətinin qurbanı olacaq. Ona görə də bir daha qətiyyətlə bəyan edirik ki, Güney Azərbaycan Cümhuriyyətinin qurulması vacib və qaçılmazdır”.