Son yeniləmə: 26 Yanvar 2023 19:08
Lütfən diqqət: Yazının hər hansı başqa mediada dərc edilməsinə izn yoxdur. Yalnız sosial media üzərindən paylaşıma icazə verilir.
BAYRAQDAR MEDİA – Vaxt vaxtdan ictimai rəydə Azərbaycanda rus məktəblərində təhsil alanlarla bağlı müzakirələr gedir. Bu da təbiidir. Çünki Azərbaycanı iki yüz ilə yaxın işğal altında tutmuş Rusiyanın əsarətindən qurtulduqdan sonra hələ də rus təsirinin ayaqda qalması, əlbəttə ki, hər kəsi narahat etməlidir. O baxımdan bəzən gerçək, bəzən də yanıldıcı fikirlər səsləndirilir ki, bu da cəmiyyəti çaşdırır.
Belə fikirlərdən biri də Azərbaycan məktəblərində rus dilində təhsillə bağlıdır. BAYRAQDAR MEDİA məsələyə aydınlıq gətirmək üçün yanvarın 23-də Elm və Təhsil Nazirliyi və Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb. Sorğuda 4 suala cavab verilməsi xahiş edilmişdi:
1. Azərbaycanda hazırda neçə tam rus məktəbi fəaliyyət göstərir?
2. Neçə qarışıq – Azərbaycan və rus məktəbi var?
3. Ümumilikdə bu məktəblərdə neçə şagird təhsil alır?
4. Rus məktəblərində (ümumilikdə rus sektorunda) təhsil alan şagirdlərin cəmi neçəsi rus millətindəndir?
Məsələylə bağlı Dövlət Statistika Komitəsindən yanvarın 26-da daxil olan cavabı dəyərli oxucularımıza təqdim edirik.
Qurumun informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanovun imzası ilə daxil olmuş cavabda bildirilir ki, Azərbaycanda ümumilikdə 328 məktəbdə rus dilində təhsil verilir. Bu məktəblərdə ümumi hesabla 156 min şagird təhsil alır. Həmin 328 məktəbdən 17-si tam olaraq rus məktəbləridir ki, onlarda 5,9 min nəfər oxuyur. Yerdə qalan 311 məktəb qarışıq tiplidir və rus dilində təhsil alan şagirdlərin 150,1 mini o məktəblərdə oxuyur.
O da qeyd edilir ki, rəqəmlər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri istisna olmaqla təqdim edilib.
Rus sektorunda təhsil alanların neçəsinin rus millətindən olması ilə bağlı sualımıza gəlincə, Komitədən bildirilir ki, qurum təhsilalanların milliyyətinə dair məlumatlarla bağlı müşahidə aparmır.
ETN də sorğumuza cavab verib. Düzdür, DSK-dən fərqli olaraq Nazirlikdən bu cavabı birbaşa almamışıq. Amma yenə də düşünürük ki, istədiyimiz bilgilər təqdim edilib.
Beləliklə, Nazirliyin verdiyi məlumata görə, 2022/2023-cü tədris ilində Azərbaycanın 17 ümumtəhsil müəssisəsində təlim yalnız rus dilində aparılır. 312 ümumtəhsil müəssisəsində isə təlim həm də rus dilində olmaqla qarışıqdır. Yəni cari ildə cəmi 329 ümumtəhsil müəssisəsində rus dilində təlim mövcuddur.
ETN bildirir ki, ümumilikdə 329 ümumtəhsil müəssisəsində rus bölməsində məktəbəhazırlıq qrupları da daxil olmaqla 159 min 332 nəfər şagird təhsil alır.
Şagirdlərin etnik mənsubiyyəti ilə bağlı sualımıza ETN də cavab verməyib. Görünür, onlarda da bu yöndə informasiya toplanmır.
Göründüyü kimi, DSK və ETN-nin təqdim etdiyi rəqəmlərdə kiçik fərqlər var. Bu da yəqin ki, iki dövlət qurumu arasında informasiya mübadiləsindəki gecikmə ilə bağlı ola bilər.
Açıq mənbələrdəki bilgilərə görə, 2023-cü ilin yanvarı üçün Azərbaycanda dövlət məktəblərinin ümumi sayı 4 min 399 olub. Əlavə olaraq 32 qeyri-dövlət ümumi təhsil müəssisəsi də fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 1,7 mln şagird təhsil alır.
Beləliklə, yuvarlaq olaraq götürsək, ölkədə 160 min uşaq rus sektorunda təhsil alır. Bu isə nisbət olaraq ümumi şagird sayının təxminən 9,4 faizini təşkil edir.
Ümumilikdə götürəndə, ümumi təhsil müəssisələrində oxuyan şagirdlər ümumi əhalinin təxminən 16 faizini təşkil edir. Amma rus dilində təhsilə gəlincə və ölkənin rus əhalisinin sayını diqqətə alınca bu proporsiya ciddi şəkildə dəyişir.
Hazırda Azərbaycanda rus millətindən olan əhalinin sayı 120 min nəfər civarındadır. Bu əhalinin ümumi təhsil alan kəsimi orta faiz hesabıyla 20 min nəfərə bərabər olmalıdır. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan şagirdlərinin 160 min nəfəri rus dilində təhsil alır. Hətta ümumi rus əhalinin sayından da artıqdır bu rəqəm.
Burdan belə qənaətə gəlirik ki, rusca təhsil alan uşaqların böyük əksəriyyəti – 160 min nəfərdən aşağı-yuxarı 140 mini rus millətindən deyil.
Belə bir durum yaxşıdırmı, pisdirmi? Bu sualı açıq saxlayırıq. Sadəcə onu qeyd etmək istərdik ki, 200 illik rus işğalının izlərini silmək hələ bir az da vaxt alacaq…