BAYRAQDAR MEDİA – Yanvarın 26-da “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə (TƏBİB) əməkdaşlar üçün vaksinasiya aparılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, struktur bölmə rəhbərləri və əməkdaşlar qripə qarşı vaksin olunublar: “İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur. İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür”.
Qeyd edilib ki, hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır: “Səhiyyə Nazirliyi tərəfindən alınan vaksinlər Niderland istehsalıdır. Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 min 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 4 min 862 nəfər təşkil edib. Şəmkir, Gəncə, Sumqayıt, Mingeçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır”.
Məlumatda vurğulanır ki, qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur: “Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar. İnfluenzaya yoluxan xəstələrə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə mütləq həkimə müraciət etmələri tövsiyə olunur. Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar. Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsələrinə müraciət edə bilərlər. Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub”.