Press "Enter" to skip to content

İran bütövlükdə SEPAH-ın əlinə keçib

Dr. Elyar Makuyi

Son yeniləmə: 25 Yanvar 2023 10:09

Dr. Elyar Makuyi: SEPAH-ın terror təşkilatı kimi tanınması İranın bütün sahələrdə çökməsinə səbəb olacaq

BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi, 1979-cu il “islam inqilabı”ndan sonra İranda hər sahədə bütün səlahiyyətlər SEPAH-a, yəni İnqilab Keşikçiləri Korpusuna verilmişdi. Yəni təkcə milli təhlükəsizliklə bağlı sahələr deyil, eyni zamanda, ordu, iqtisadi məsələlər, siyasi məsələlər SEPAH-ın nəzarətinə verilmiş, o sahələrdə rəhbər vəzifələrə məhz SEPAH təmsilçiləri gətirilmişdi. Hətta futbol federasiyalarının rəhbər vəzifələrinə də SEPAH generalları təyin edilmişdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azırbaycan Keçici Milli Məclisi Təşkilat Komitəsinin üzvü Dr. Elyar Makuyi deyib.

Onun sözlərinə görə, İranın hökumət kabinetindəki nazirlərin də 80 faizi məhz “inqilab keşikçiləri” sırasından gedən şəxslərdir: “Yəni İran bütövlükdə SEPAH-ın əlinə keçib. Bu siyasətin də banisi sözdə dini lider Xamneyidir. Çünki SEPAH tamamilə Xamneyinin əmrindədir və bu quruma rəhbər də sözdə dini liderin əmri ilə təyin edilib. Digər tərəfdən SEPAH İranın xaricində də terror təşkilatları yaratmaqda, onlara maddi dəstək verməkdə və idarə etməkdədir. Bu gün İraq, Suriya, Livan, Əfqanıstanda, Afrika ölkələrində terror təşkilatlarını İslam İnqilabı Keşikçiləri Korpusu bəsləməkdə və idarə etməkdədir. Bildiyiniz kimi, son illərdə bunlar Azərbaycanda da “Hüseyniyyun” adlı bir terror təşkilatı yaratmaq istəyirdilər. Lakin Azərbaycan dövlətinin vaxtında məsələyə müdaxiləsi bu çirkin planın baş tutmasını əngəllədi”.

Dr. Elyar Makuyi bildirib ki, Avropa Birliyi SEPAH-ı terrorçu təşkilat kimi tanısa, bu, ilk növbədə həmin təşkilatın sifarişi ilə xaricdə terror əməlləri törədənlərin geri çəkilməsinə səbəb olacaq: “Bu da SEPAH-da parçalanmaya yol açacaq. Bundan başqa, SEPAH-la yaxından-uzaqdan əlaqəsi olan hər kəs terrorçu kimi tanınacaq. Buna görə də çoxları özlərini və ailələrini qorumaq üçün artıq SEPAH-dan üz döndərəcək. Ümumiyyətlə, SEPAH-ın terror təşkilatı kimi tanınması İranın bütün sahələrdə çökməsinə səbəb olacaq. Bu baxımdan hesab edirəm ki, Avropa doğru yeri hədəfə alıb. Əminəm ki, bu, gələcəkdə İranı dünyadan daha çox təcrid edəcək və embarqoların daha da genişlənməsinə səbəb olacaq”.

Mission News Theme by Compete Themes.