Son yeniləmə: 25 Yanvar 2023 09:42
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişaf proqramının yarımfinal mərhələsində uğur qazanmış və final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatlar təqdim edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev finalçıları təbrik edib: “E.Əliyev artıq ikinci dəfə təşkil olunan müsabiqənin intellektual səviyyəsi və idarəçilik potensialı yüksək olan əməkdaşların müəyyənləşdirilməsi, onların bilik və bacarıqlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Nazirin birinci müavini “Uğur yolu” karyera inkişaf proqramının finalçılarından nazirlik qarşısında qoyulan vəzifələrin icrasında gözləntilərini, əldə olunmuş təcrübə və bacarıqların uğurla tətbiq ediləcəyinə əminliyini ifadə edib”.
Məlumatda qeyd edilib ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə təşkil edilən “Uğur yolu” karyera inkişaf proqramının məqsədi nazirlikdə yüksək potensiallı kadrların ehtiyat bazasının formalaşdırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və hərtərəfli inkişafı üçün daha əlverişli şəraitin yaradılması, idarəetmə sahəsində təcrübə mübadiləsidir.
Proqram, həmçinin korporativ mədəniyyətin güclənməsinə, əməkdaşlar arasında işgüzar əlaqələrin genişlənməsinə, effektiv ünsiyyətin formalaşmasına şərait yaradır.