Bu beynəlxalq reytinq reallığı əks etdirirmi?
BAYRAQDAR MEDİA – 2023-cü ildə beynəlxalq reytinqlərlə bağlı ilk qeydlərimi xoş əhval-ruhiyyə ilə yazıram.
Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security Index 2023) açıqlanıb.
Əvvəlki illərlə müqayisədə bu il Azərbaycan reytinqdə 33 pillə irəliləyərək 52-ci yerdə qərarlaşıb.
Xatırladıram ki, son 3 ildə Azərbaycanın mövqeyi bu reytinqdə ancaq aşağıya doğru gedirdi.
Məsələn, Azərbaycan təkcə ötən il 2021-ci ilə nisbətən 8 pillə geriləyərək 77-ci yerdən 85-ci yerə enmişdi.
Adı çəkilən qurum indeksi formalaşdırmaq üçün 161 ölkədə kibertəhlükəsizliklə bağlı 50-dək istiqamət üzrə araşdırmalar aparıb.
Reytinqdə Ukrayna 24-cü, Rusiya 29-cu, Gürcüstan 50-ci, Türkiyə 64-cü, Qazaxıstan 76-cı və Ermənistan 90-cı yerdə qərarlaşıb.
Gürcüstanın ciddi uğur qazanmasının səbəbi Böyük Britaniyanın kiber sahədə bu ölkəyə ciddi maliyyə və kadr hazırlığına dəstək verməsi olub.
Qurumun hazırladığı hesabatdan görünür ki, Azərbaycanda kiber mühit rəqəmsal inkişaf səviyyəsini də xeyli qabaqlayıb. Ötən il bu tərsinə idi.
Kibertəhlükəsizliyin təmin edilməsində ölkələrin hazırlığını ölçən bu qlobal indeks reallığı əks etdirirmi və Azərbaycanın 33 pillə irəliləməsinin kökündə nə dayanır?
Düşünürəm ki, göstərici reallığı əks etdirir və aşağıdakılar bu uğurlu nəticənin əldə edilməsində ciddi rol oynayıb:
-kritik sektorla bağlı yeni səlahiyyətlər əldə edən DTX və XRİTDX tərəfindən atılan uğurlu addımlar;
-RİNN-nin Technet layihəsi və İsrailin Technion Universiteti ilə birgə kadr hazırlığı sahəsində atdığı addımlar;
-XRİTDX -nin hesabatlılığının xeyli artması və ASAN-la kibergigiyena əməkdaşlığı;
-kritik infrastrukturla bağlı sürətli qanunvericilik təşəbbüsləri;
-Universitetlərdə kiber sahəyə diqqətin artması, xüsusilə AzTU-da iki kiber strukturun formalaşdırılması;
-hökumətin ötən il kiber sektorda aparılan ictimai institutlaşmaya dəstək verməsi və s.
Xatırladıram ki, kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərə ölkəmizdə RİNN-in Elektron Təhlükəsizlik Xidməti, DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və DİN cavabdehdir.
Sektorda Prezident fərmanı əsasında formalaşdırılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir.
Komissiyaya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ötən il təyin olunan yeni rəisi, general İlqar Musayev rəhbərlik edir.
Yeri gəlmişkən, Prezidentin müvafiq fərmanı ilə 5 il bundan öncə hazırlanmalı olan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya” da indiyədək qəbul edilməyib.
Dövlətə məxsus informasiya resurslarının zaman-zaman çökməsi, vətəndaşlara qarşı kiberdələduzluq faktları və s. hələlik sektorda problemlərin də yetərincə olmasından xəbər verir.