Son yeniləmə: 25 Yanvar 2023 17:51
Vüqar Bayramov: Avropa Birliyində 2022-ci ildə inflyasiya səviyyəsi proqnozlaşdırılandan təxminən 5 dəfə çox oldu
BAYRAQDAR MEDİA – “Avropa Birliyi (AB) məkanında son vaxtlar müşahidə edilən həm tətillər, həm nümayişlər daha çox sosial xarakter daşıyır. Məsələn, Fransada pensiya sisteminə dəyişiklik narazılıq yaratdı. Eyni zamanda Avropanın bir çox ölkələrində və eləcə də şəhərlərində biz mütəmadi olaraq tətilləri müşahidə edirik. Nəzərə alaq ki, Avropa Birliyində 2022-ci ildə inflyasiya səviyyəsi proqnozlaşdırılandan təxminən 5 dəfə çox oldu. Nəticədə də kəskin inflyasiya alıcılıq qabiliyyətinə təsir göstərdi”.
Bunu Avropa ölkələrində maliyyə böhranı və bunun fonunda keçirilən etiraz aksiyalarını BAYRAQDAR MEDİA üçün dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu cür vəziyyət Avropa Birliyinə üzv olan ölkələrin, xüsusilə də qərbi Avropa ölkələrinin vətəndaşları üçün arzuolunan deyil: “Nəticədə mütəmadi olaraq qərbi Avropa ölkələrində tətilləri müşahidə edirik. Sözsüz ki, bunlar Avropa iqtisadiyyatına neqativ təsir göstərir. Onu da qeyd edək ki, tətillər həm də daha çox vətəndaşların mütəmadi istifadə etdiyi xidmətlər və sektorlar üzrə olur. Məsələn, Böyük Britaniyada dəmir yolunda, bir sıra ölkələrdə hava nəqliyyatında tətillər oldu. Dediyim kimi, bütün bunlar AB iqtisadiyyatına neqativ təsir göstərir”.
Deputat qeyd edib ki, iqtisadi böhran 2023-cü ildə də davam edəcək: “Beynəlxalq Valyuta Fondunun proqnozu da ondan xəbər verir ki, inkişaf etmiş ölkələr üçün 2023-cü il heç də asan olmayacaq. İqtisadi böhranın dərinləşəcəyi proqnozlaşdırılır. Bu kontekstdən birmənalı şəkildə 2023-cü il Qərb ölkələri üçün iqtisadi baxımdan heç də asan il kimi gözlənilmir”.