Press "Enter" to skip to content

XİN-dən dəyərləndirmə

Xarici İşlər Nazirliyi

Missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir

BAYRAQDAR MEDİA – “Azərbaycan, AB Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır. Belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq”.

Bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin sözügedən qərara dair şərhində öz əksini tapıb. Bildirilib ki, AB missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə AB tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.

Qeyd olunub ki,Azərbaycan tərəfi, AB missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir.

Məlumata əsasən, AB-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və AB Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan, normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib.

Qeyd edilib ki, iki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılılmasına baxmayaraq, bəzi AB üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyəti Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu. Bu da öz növbəsində, AB çərçivəsində qərar qəbuletmə prosesini etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi.

Əslində isə, AB-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və AB Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, AB missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı.
Azərbaycan, AB-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, AB ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb.

Azərbaycan tərəfindən AB nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə AB-nin Ermənistanda missiyasının mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib.

AB missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir.

Mission News Theme by Compete Themes.