Son yeniləmə: 24 Yanvar 2023 18:08
BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İstanbulda Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.
Bildirilib ki, sərgidə Osmanlı Sultanı II. Əbdülhəmid dönəmində çəkilən və türk dünyasının mədəni irsini ehtiva edən Yıldız kolleksiyasından 75 fotoşəkil nümayiş edilib: “Qeyd olunmalıdır ki, Yıldız kolleksiyası dünyanın ən zəngin foto arxivlərindən biridir və ümumilikdə 918 albomdan, 36 min 585 fotoşəkildən ibarətdir.
Səmərqənddən Ədirnəyədək uzanan coğrafiyalardakı çoxəsrlik memarlıq nümunələrini əks etdirən fotoşəkillərin arasında, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Səmərqənd, Buxara, Hokand, Xivəyə aid maddi-mədəni abidələr, Bakıdakı Şirvanşahlar Sarayı, Anadoluda inşa olunmuş ilk məscid Qars Əbu Mənuçöhr Camisi, Türküstanın Xoca Əhməd Yasəvi türbəsi, İstanbul, Konya, Aşqabad və digər şəhərlərə məxsus abidələr yer alır”.
Tədbirin rəsmi hissəsində Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın sərginin açılışına ünvanladığı məktub oxunub.
Sərgidə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva son bir əsr ərzində Türkiyənin təqdirəlayiq inkişaf yolu qət etməsindən, həyatın bütün sahələrində sürətlə irəliləməsindən söz açıb.
G.Əfəndiyeva sərginin əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, bu foto kolleksiya Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv və müşahidəçi ölkələrinin əsrarəngiz şəhərlərinə zərif bir baxışdır.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz tədbirdə çıxış edərək, yarandığı gündən etibarən Fondun prioritet istiqamətləri üzrə mühüm layihələr həyata keçirdiyini bildirib. Nazir müavini türk dövlətlərinin ortaq mədəni irsi haqqında
Sərginin açılışında çıxış edən Milli Saraylar Başqanlığının sədr müavini Adnan Qayhan bildirib ki, Yıldız foto kolleksiyası qədim Osmanlı İmperiyası və dünya haqqında bilgi mənbəyi olmaqla yanaşı, həm də türk xalqları üçün dəyərli bir xəzinə və bəşəriyyətə məxsus mədəni irsdir.
Tədbirdə həmçinin, Türkiyə Cümhurbaşqanının baş müşaviri Fecir Alptekin, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Türkiyənin Memar Sinan Universitetinin rektoru Handan İnci Elçi, Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Qırğızıstanın İstanbul Konsulu Lira Sıdıkova, Özbəkistanın Milli İrs Agentliyinin rəhbəri Bahodır Abdıkərimov və onun başçılığı altındakı nümayəndə heyəti, Macar Mədəniyyət Mərkəzinin direktoru Gabor Fodor, diasporanın, ictimaiyyətin və medianın təmsilçiləri iştirak ediblər.
Qonaqlara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Osmanlı arxivlərində türk mədəni irsi” kitabı təqdim edilib.