Son yeniləmə: 24 Yanvar 2023 13:15
Çingiz Göytürk: Dövlətin imkanlarından hamının bərabər şəkildə yararlanmaq hüququna malik olmasını fars-molla rejimi qətiyyən qəbul etmir
BAYRAQDAR MEDİA – “Əslində, İran deyilən ölkədə bu, sıx-sıx rast gəlinən bir haldır. Eyni zamanda sadəcə İslam Cümhuriyyəti dövrünə məxsus bir mənzərə də deyil. Bu həm də Pəhləvi rejimi dönəminə məxsus bir mənzərədir. Bu coğrafiyada fars dövlətçiliyinin hakim olduğu son yüz ildə sadəcə təbii fəlakətlərdən doğan problemlərə deyil, bütün sosial, ictimai, iqtisadi problemlərə dövlətin laqeyd münasibətinin kökündə yatan əsas səbəb farsın dövlət anlayışında gizlidir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycandan olan milli fəal, hazırda Finlandiyada yaşayan Çingiz Göytürk bildirib.
Şah rejimi də, molla rejimi də fars şovinizmini əsas götürüb
İranda zəlzələdən əziyyət çəkən azərbaycanlılara qarşı etnik diskriminasiya siyasətinin təzahürü kimi onlara lazımi köməyin göstərilməməsi məsələsinə münasibət bildirən Ç.Göytürk deyib: “İranda dövlətə çağdaş bir baxışın olmaması, dövlətin hakim və rəiyyət münasibətləri çərçivəsində idarə olunması son yüz ildə davam edib. Pəhləvi dönəmində şah zillüllah idi, yəni Allahın yer üzündə kölgəsi sayılırdı. Hamı ona tabe olmalıydı və onun insanlar qarşısında hər hansı sorumluluğu yox idi. Eyni zamanda, eyni anlayış bu dəfə fərqli bir adla, bu dəfə vilayəti-fəqih adı ilə İslam Cümhuriyyəti rejimi dönəmində də davam etməyə başladı. İrandakı mövcud rejim dövlətin hər hansı sosial sorumluluq anlayışını heç cür qavraya bilmir. İnsanların hüquq qarşısında bərabər olduğunu və eyni zamanda, hüquqa əsasən, dövlətin imkanlarından hamının bərabər şəkildə yararlanmaq hüququna malik olmasını fars-molla rejimi qətiyyən qəbul etmir”.
Qeyri-fars millətlər bu kimi problemlərlə zaman-zaman üzləşiblər
Müsahibimiz bildirib ki, burada fars şovinizminin mahiyyətindən də irəli gələn səbəblər var: “Bu dövlət son yüz ildə fars milləti ilə qeyri-fars millətləri arasında çox ciddi bir ayrıseçkilik siyasəti yürütmüşdür. Bu ayrıseçkilik siyasəti nəticəsində qeyri-fars millətlər bu kimi problemlərlə zaman-zaman üzləşiblər. Yəni İranda həm şah dönəmində, həm də molla rejimi dönəmində fars millətinə bir cür, digər millətlərə başqa cür münasibət bəslənilib. Bu da fars şovinizminin mahiyyətindən irəli gəlməkdədir”.
Güney Azərbaycanlıların öz milli dövlətini yaratmaqdan başqa yolu qalmayıb
Ç.Göytürkün sözlərinə görə, bütün bunlardan sonra Güney Azərbaycanlıların bircə yolunun qaldığını söyləyə bilərik: “Azərbaycan xalqının, Güney Azərbaycan türklərinin öz yolunu fars irticasından ayırıb, 1918 və 1945-cü illərdə olduğu kimi öz dövlət düşüncəsi və anlayışı əsasında öz milli dövlətini yaratmaq əzminə, iradəsinə sarılmasında yüz illik bu acı təcrübənin payı heç də az deyildi. Artıq Azərbaycan xalqı inanır ki, fars irticası ilə birlikdə özünün mütərəqqi, sosial, hüquqi dövlət anlayışını gerçəkləşdirmək imkanları mövcud deyildir. Dolayısı ilə öz istiqlalını əldə edib, öz düşüncəsi və şüuru əsasında öz milli dövlətini yaratmaqdan başqa çarəsinin olmadığını hər bir Güney Azərbaycanlı iliklərinə qədər bu gün hiss etməkdədir”.