Son yeniləmə: 24 Yanvar 2023 15:06
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində 2022-ci ildə 603 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 24-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan əlilliyi olan 420 gənc komputer istifadəçisi, komputer dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, aşpaz köməkçisi, xalçaçılıq, rəssamlıq, kulinariya və s. peşə hazırlığı kurslarında olub: “Digərləri isə sosial reabilitasiya xidmətləri ilə təmin edilib. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar”.
Qeyd olunub ki, hazırda Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 212 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir: “İndiyədək ölkəmizin bütün bölgələri üzrə 2600 gənc həmin mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib”.