Son yeniləmə: 23 Yanvar 2023 13:58
“Türkiyə bursları” təqaüd proqramına müraciətlər davam edir
BAYRAQDAR MEDİA – Hər il dünyanın müxtəlif ölkələrindən 170 minə yaxın gəncin müraciət etdiyi “Türkiyə bursları” təqaüd proqramına növbəti müraciətlər davam edir.
Azərbaycandan da böyük maraq göstərilən proqram üçün bu il son müraciət tarixi fevralın 20-dir.
Bakı Yunus Emre İnstitutundan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bu proqram əsasında Türkiyədə ali təhsil almaq hüququ qazanmaq istəyənlər 20 fevral tarixinədək “Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı” internet saytı (https://tbbs.turkiyeburslari.gov.tr) vasitəsi ilə müraciət edə bilərlər. Bunun üçün əvvəlcə https://www.turkiyeburslari.gov.tr/5adimdabasvuru səhifəsinə baxıb, tələb olunan sənədləri toplamaq lazımdır.
Qeyd olunduğu kimi, “Türkiyə bursları” təqaüd proqramı dünyanın hər yerindən gələn tələbələrə Türkiyənin ən nüfuzlu universitetlərində təqaüdlə təhsil almaq imkanı təqdim edir: “Bu, universitet, ixtisas seçimi, yerləşdirmə, aylıq təqaüdlər, universitet ödənişləri, sağlamlıq sığortası, yataqxana, yaşayış, peşə və akademiya proqramları və gediş-gəliş uçuş biletləri tamamilə pulsuz olan dünyanın ən əhatəli təqaüd proqramıdır”.
O da bildirilib ki, Türkiyə universitetlərində tədris türk dilində olsa da, bununla belə, bəzi universitetlər ingilis və digər dillərdə tədris təklif edirlər: “Bu cür proqramlarda təhsil almaq istəyən namizədlərin beynəlxalq səviyyədə tanınmış dil bilikləri sertifikatı olmalıdır. Namizədlər ərizə sistemində proqramları seçərkən tədris dilinə nəzər yetirə bilərlər”.
Məlumata əsasən, Türkiyə Təqaüdləri Müraciət Sistemi (TBBS) vasitəsilə onlayn edilən müraciətlər üçün bütün namizədlərdən aşağıdakı sənədləri sistemə yükləmələri tələb olunur:
Keçərli şəxsiyyət sənədi, şəxsiyyət vəsiqəsi və ya pasport;
Namizədin son 1 il ərzində çəkilmiş fotoşəkili;
Milli imtahan nəticələri (varsa);
Diplom və ya müvəqqəti məzuniyyət sənədi;
Akademik transkript;
Seçilmiş universitet və ya proqram tərəfindən tələb olunarsa, beynəlxalq imtahan nəticələri (GRE, GMAT, SAT və s.);
Seçilmiş universitet və ya proqram tərəfindən tələb olunarsa, beynəlxalq dil imtahanı nəticələri TOEFL, DELF;
Araşdırma mövzusu təklifinin və gördüyünüz işin yazılı nümunəsi (yalnız doktorantura müraciətləri üçün).
Məlumat üçün onu da bildirək ki, hazırda Türkiyədə dünyanın 180 ölkəsindən 15 minə yaxın burslu xarici tələbə təhsilini davam etdirir. Bunu bir müddət öncə İraqda keçirilən tədbir zamanı qardaş Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) başqanı Abdullah Eren bildirmişdi.