BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya – Şuşadan türk dünyasına” adlı layihə çərçivəsində eyni adlı nəşrin təqdimat mərasimi keçirilib.
Xəbəri BAYRAQDAR MEDİA-ya yanvarın 23-də sözügedən Mərkəzdən veriblər.
Xəbərdə deyilir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin professor-müəllim heyəti, soydaşlar, özbək xalqının nümayəndələri, tələbələr iştirak edib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Samir Abbasov Şuşanın Azərbaycan tarixindəki, mədəniyyətindəki rolunu xüsusi vurğulayıb, Prezident İlham Əliyevin şəhər haqqındakı çıxışlarından sitat gətirib: “Şuşa Azərbaycan üçün həm qürur, milli mənlik, həm də mədəniyyət, incəsənət və tarixdir”.
“S.Abbasov qədim tarixi köklərə və geniş coğrafiyaya malik türk mədəniyyətinin artıq Şuşada birləşdiyini, bu füsunkar şəhərin türk xalqları arasında birləşdirici bir mədəni körpü missiyasını öz üzərinə götürdüyünü bildirib. Diplomat Azərbaycan mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin TÜRKSOY tərəfindən 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu vurğulayıb”, – deyə xəbərdə bildirilir.
S.Abbasov rəhbərlik etdiyi təşkilat tərəfindən Şuşa ili ilə bağlı həyata keçirilən layihələr barədə də danışıb. O, bildirib ki, “Türk dünyasından Şuşaya – Şuşadan türk dünyasına” adlı nəşrin təqdimatı TÜRKSOY tərəfindən Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar Özbəkistanda keçirilən ilk tədbirdir. S.Abbasov nəşrdə türk dünyasını əhatə edən 17 şair və yazıçının Şuşa ilə bağlı şeir və hekayələrinin toplandığını qeyd edib.
“Özbəkistan Yazıçılar İttifaqının sədr müavini, şair Qayrat Məcid Şuşaya səfər təəssüratlarından danışıb, şəhərin qədim tarixə, zəngin mədəniyyətə, poeziyaya və təkrarsız ənənələrə malik nadir bir yer olduğunu diqqətə çatdırıb. O, bu qədim şəhərin hər məhəlləsinin ayrıca məscidi, bulağı, hamamı olduğunu, Şuşanın şairlər, xanəndələr, tanınmış mədəniyyət, incəsənət xadimlərinin vətənli olduğunu qeyd edib.
“Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Eldor Şermanov çıxış edərək bu qəbildən tədbirlərin Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələirinin əhəmiyyətindən söz açaraq bu əlaqələrin yaradılmasında əsas rola sahib olan Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
“Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, Prof. Nurbay Cabbarov isə öz çıxışında Şuşanın bütün türk dünyasının qeyrəti, namusu olduğunu və Azərbaycanın Şuşanı azad edərək bu dəyərə sahib çıxmasını türk dünyası üçün böyük zəfər və qürurlu hadisə kimi qiymətləndirib.
“Prof. Saodat Muxammedova, Dos. Gülbahar Aşurova, nəşrdə hekayəsi olan Nərgiz Əsədova və başqaları “Türk dünyasından Şuşaya – Şuşadan türk dünyasına” adlı kitabın əhəmiyyəti haqqında danışıblar. Onlar türk dünyasının daha da yaxınlaşdırılması istiqamətində belə nəşrlərin əhəmiyyətini vurğulayıblar. Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zülfiyyə Yaqubova çıxış edərək qurumun fəaliyyəti barədə geniş məlumat verdikdən sonra bu layihənin də Dünya Gənc Türk Yazarlar Birliyi ilə işbirliyi nəticəsində ərsəyə gəldiyini qeyd edib.
“Layihənin rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar təqdimat mərasiminin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə minnətdarlıq edib, belə nəşrlərin bütün türk dünyasında çap olunmasının əhəmiyyətindən danışıb.
“Sonda bir qrup ziyalıya Azərbaycan Gənclər Fondu və Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Fərmanları verilib.” Xəbərdə belə deyilir.