BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətində yubiley tədbirlərinə başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 23-də qurumun İctimaiyyətlə əlaqələr şöbəsindənməlumat verilib.
Bildirilib ki, bununla bağlı keçirilən açılış mərasimində əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səslənib: “Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov bildirib ki, ölkəmizdə siyasi sabitliyin qorunması, hüquqi dövlət quruculuğu, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ümummilli liderin xidmətləri sayəsində mümkün olub. Ulu öndərin 100 illik yubileyi münasibətilə müxtəlif təşkilatlarda, su təsərrüfatı sektorunda genişmiqyaslı tədbilərin keçirilməsi nəzərdə tutulub”.
“Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev ulu öndər Heydər Əliyevin ölkəmizdə su təsərrüfatı sektorunda tarixi xidmətlərindən danışıb: “Qeyd edib ki, 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Kür Su Təchizatı Kompleksi və Kür-Bakı su kəmərləri sistemi yaradılıb, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin 3-cü növbəsi istismara verilib. Respublikanın bir çox rayon mərkəzləri və iri yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemləri ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yaradılıb. Bakı şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasına səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də ümummilli lider Heydər Əliyev olub”.
İ.Tağıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün “Azərsu” ASC-də Komissiya yaradılıb və Tədbirlər Planı təsdiq edilib: “Tədbirlər Planına uyğun olaraq Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətləri mövzusunda konfransların keçirilməsi, filmin və kataloqun hazırlanması, media nümayəndələrinin Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri, yubileylə əlaqədar idman yarışlarının, ağacəkmə və qanvermə aksiyalarının, rəsm sərgisinin keçirilməsi nəzərdə tutulur. Yubileylə əlaqədar idman yarışları başlayıb. Minifutbol, tennis, şahmat, dama, nərd, domino və ağırlıqqaldırma üzrə yarışlarda Cəmiyyətin 388 əməkdaşı qüvvəsini sınayacaq”.