BAYRAQDAR MEDİA – İranın Məhkəmə Hakimiyyətinin sözçüsü peşə fəaliyyətinə görə heç bir jurnalistin həbsdə olmadığını iddia etsə də, məhkəmə orqanları son 24 saat ərzində Tehranda ən azı üç qadın jurnalisti həbs edib.
Xəbəri yanvarın 23-də Azad İran Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, yanvarın 22-də Tehranda Məlikə Haşimi, Səidə Şəfii, Mehrnuş Zarei adlı üç xanım jurnalist təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı və jurnalistlərin yaxınları məlumat verib.
Səidə Şəfiinin hara aparılması barədə məlumat verilməsə də Mehrnuş Zareinin Tehranın Evin zindanına köçürüldüyü bəlli olub.
Məlikə Haşiminin isə yanvarın 21-də həbs olunaraq naməlum yerə aparıldığı və həbs səbəbləri barədə açıqlama verilmədiyi bildirilir.
Onu da əlavə edək ki, İranda 2022-ci ilin sentyabrında başlamış xalq etirazları fonunda ümumilikdə 90-dan artıq jurnalist həbs edilib.