Son yeniləmə: 23 Yanvar 2023 12:32
BAYRAQDAR MEDİA – Gəncədə doğulan, 3 yaşında Moskvada ayaqlarını itirən və İstanbulda uğurlu həyatı ilə nümunəyə çevrilən Vəfa Aktuz bu il Türkiyə Böyük Millət Məclisinə seçkilərdə iştirak etmək arzusundadır.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 23-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitənin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının ötən ilki buraxılışlarından biri V.Aktuzun olduqca maraqlı həyatına həsr olunub: “Soydaşımızın siyasi fəaliyyətə başlamaq arzusu, ictimai sahədə fəallığını daha da artırması mövzunu yenidən diqqət mərkəzinə gətirib”.
Qeyd edilib ki, Vəfa Aktuz Türkiyədə müalicə alan azərbaycanlı qazilərə psixoloji və mənəvi dəstək göstərməsilə də böyük rəğbət qazanıb.
“Vətən uzaqda deyil” proqramının soydaşımıza və onun həyatda ən böyük dayağı olan türk həyat yoldaşına həsr olunan yeni buraxılışını aşağıdakı linkdən izləmək olar.