BAYRAQDAR MEDİA – Yanvarın 23-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı dövlət katibi Azərbaycan ərazisindəki Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. E.Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
İ.Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edib. O, 2022-ci ilin 12 dekabrından etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayıb. Prezident deyib ki, onların 850-dən çoxu Rusiya sülhməramlılarına, 120-dən artığı isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olub.
Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin BQXK vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini də vurğulayıb. O, bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.
Dövlət başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. İ.Əliyev Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.
Prezident Azərbaycanın sülh prosesinə və Ermənistanla münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlət başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.
İ.Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.
Söhbət əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.