Son yeniləmə: 21 Yanvar 2023 10:22
BAYRAQDAR MEDİA – Perunun ən qədim və nüfuzlu mətbu orqanı, rəsmi dövlət qəzeti “El Peruano”da 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycanin bu ölkədəki səfiri Məmməd Talıbovun məqaləsi dərc olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 20-də səfirlikdən məlumat verilib.
Bildirilib ki, məqalədə müasir Azərbaycanın faciəvi, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi yaddaşlarda qalmış Qanlı Yanvar hadisələrindən bəhs edilir, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı yönəlmiş keçmiş SSRİ rəhbərliyinin dəhşətli, düşünülmüş və planlaşdırılmış cinayəti barədə məlumat verilir: “Müəllif yazıda o günlərdə baş vermiş faciəvi hadisələri və xain hücumun ağır nəticələrini hələ də xatırladığını bildirir. Həmçinin sovet hərbi müdaxiləsinin Azərbaycan xalqını azadlıq uğrunda əzmli mübarizəsindən daşındıra bilmədiyini, əksinə, bu mübarizənin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndiyini vurğulayır. Məqalədə 20 Yanvar faciəsinin Azərbaycanın müasir tarixində dönüş anı olduğunu, xalqımızın 2020-ci ildə böyük Zəfərlə nəticələnmiş Vətən müharibəsində bir daha şücaət və mətanət nümayiş etdirdiyini, torpaqlarımızı 30 illik işğaldan azad etdiyini yazır”.
Məlumata əsasən, sonda Azərbaycan xalqının ölkəmizin gələcəyi uğrunda canlarını fəda etmiş igid qəhrəmanların dəfn olunduğu Şəhidlər xiyabanında hər il onların əziz xatirəsini dərin ehtiramla yad etdiyi bildirilir: “Bu faciəvi tarixin, Ümumxalq Hüzn Günü olmaqla yanaşı, eyni zamanda, Vətənimizin azadlığı və firavan gələcəyi naminə həlak olmuş qəhrəmanların qürurla anıldığı bir gün olduğu qeyd edilir”.