Press "Enter" to skip to content

Avropa Parlamentindən Azərbaycana qarşı qətnamə – ARAŞDIRMA

Səsverməni keçirən Avropa Parlamentinin vitse-prezidenti Evelyn Regner

Hər şeydə dürüstlük arayan Avropa Parlamenti bu sənədin səsverməsi ilə bağlı rəqəmləri niyə gizli tutur?

BAYRAQDAR MEDİA – Hər şey ondan başladı ki, Avropa Parlamentinin yanvarın 18-də müzakirəsini aparıb 19-da qəbul etdiyi Azərbaycana qarşı qətnaməyə verilən səslər gizli tutuldu. Şəxsən özüm arayıb axtarsam da nə AP-nin saytında, nə də başqa mənbədə bununla bağlı məlumat əldə edə bilmədim. Yalnız bir göndərmə vardı ki, oradakı səslərə baxanda sənədin qəbul edilmədiyi qənaətinə gəlmişdim. Çünki həmin rəqəmlərə görə, təklifin lehinə 79, əleyhinə isə 306 səs verilmişdi. Diqqətdən qaçırdığım kiçik bir detal vardı ki, onu da sonradan AP ilə rəsmi yazışmada dəqiqləşdirdim. Yəni bu rəqəmlər qətnamənin bütününə deyil, ona təklif edilən 3-cü əlavəyə aid idi.

Rəqərmlər 3-cü əlavəyə aid imiş
Rəqərmlər 3-cü əlavəyə aid imiş

Ümumilikdə isə sözügedən qətnaməyə 5 əlavə təklif edilmişdi və videodan da göründüyü kimi, onların hər birisi ayrılıqda səsə qoyulur, səslər isə tam olmasa da ekrana çıxarılır. O da elan edilir ki, əlavələrin 5-i də rədd edilib.

Burda əlavə edim ki, qətnaməyə təklif edilən əlavələr o sənədin özündən heç də az sərt deyildi. Amma deputatların çoxu bu əlavələri rədd etməklə, əslində, o cür sərt və əsassız qətnaməni də rədd edəcək kimi görünürdü.

Lakin sən saydığını say, gör fələk nə sayır? Videodan da göründüyü kimi, əlavələrdən sonra qətnamə tam olaraq səsə qoyulur. Özü də qaçarağı. Və dərhal da iclasın sədri Evelyn Regner (AP-nin vitse-prezidenti, Avstriya Sosial Demokrat Partiyasının, həmçinin AP-dəki Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı qrupunun üzvü) tərəfindən məsələ qapadılır. Yəni səs verənlər görünmür. Sadəcə E.Regner “kim lehinə, kim əleyhinə, kim bitərəfdir” deyərək səslənir, sonra da elan edir ki, qətnamə qəbul edildi.

AP ilə yazışmalar sonrası aldığım sənəddən də görünür ki, qətnaməyə ümumilikdə verilən səslər qeyd edilməyib.

Avropa Parlamentindən aldığım sənəddə qətnaməyə verilən səslər göstərilməyib
Avropa Parlamentindən aldığım sənəddə qətnaməyə verilən səslər göstərilməyib

Əlbəttə, 1930-cu illər sovetlərinin kolxoz toplantılarındakı yöntəmlə səsvermə keçirilməsinin özü də bizdə şübhə doğurmaya bilməzdi və ona görə də AP-nin Vətəndaş Müraciətləri Bölməsinə yazaraq məsələyə aydınlıq gətirilməsini istədik.

Avropa Parlamentinə göndərdiyim və ünvana çatmış sorğu
Avropa Parlamentinə göndərdiyim və ünvana çatmış sorğu

Yanvarın 19-da göndərilən müraciətə bir gün sonra izahlı cavab verildi. Orada bir daha qeyd edilir ki, səsvermə əl qaldırmaqla keçirilib. Mənim təqdim etdiyim rəqəmlər isə 3-cü əlavəyə aiddir.

Sorğuma verilən cavab
Sorğuma verilən cavab

Cavabda əlavə olaraq həmin gün keçirilmiş səsvermələrin hamısının nəticələri də təqdim edilib. Və maraqlı bir görüntü var: həmin gün bir sıra sənədlərə səs verilib, hamısında ümumilikdə lehinə, əleyhinə, bitərəf səslər rəqəmlə qeyd edilib.

Amma!

Amma Azərbaycanla bağlı ümumi səsvermədə rəqəmlər verilmir! Bunun niyə belə olduğunu sual etmək haqqımız yoxdurmu?

O baxımdan şübhələrimizdə haqlıyıq deyə düşünürük. Bizcə, Azərbaycan kimi bir dövlətə qarşı açıq qərəzlə dolu bir qətnamənin bu şəkildə qəbul edilməsi sual doğurmaya bilməz. Üstəlik də nəzərə alaq ki, ölkəmiz Rusiyanın Ukraynaya təcavüzü və Azərbaycan da daxil olmaqla bütün qonşulara təhdidləri fonunda Avropaya qucaq açır, özəlliklə də enerji təhlükəsizliyi məsələsində riskə gedir. Belə bir durumda avropalıların heç də hamısının Azərbaycana qarşı olmayacağı gün kimi aydınkən necə olur ki, AP belə bir yöntəmlə bizə qarşı qətnamə qəbul edir?

Ümumiyyətlə, o qətnamə doğrudanmı qəbul edilib? Axı AP-də səsvermə adbaad olur və bu qətnaməyə də kimin necə səs verməsini bilmək bizim və elə avropalıların haqqı deyilmi?

Qətnaməyə Azərbaycan mediasının yanaşmasına da ayrıca aydınlıq gətirməyə ehtiyac var. Sosial mediada etdiyim paylaşımda buna toxunmuşdum. Bir daha dəyərli oxucularımız üçün aydınlaşdırmaq istərdim.

Qətnamənin qəbulu ilə bağlı AP-nin mətbuat üçün hazırladığı xəbərdə Braziliya, Morokko və Azərbaycana aid sənədlər bir səhifədə verilib. İlk iki ölkəyə aid qətnamələrdə verilən səslər rəqəmlərlə qeyd edilsə də Azərbaycana aid xəbərdə sadəcə “əl qaldırmaqla səs verildiyi” bildirilir və rəqəmlər göstərilmir. Elə bizdə şübhə doğuran da bu idi.

Mətbuat üçün açıqlamada qətnaməyə verilən səslər yoxdur
Mətbuat üçün açıqlamada qətnaməyə verilən səslər yoxdur

AP-nin saytında yayımlanan qəbul edilmiş qətnamənin mətni də “Qəbul edilmiş mətnlər” qeydi ilə paylaşılıb. Yəni bu o deməkdir ki, qətnamə qəbul edilib.

Sənəddə qətnamənin qəbul edildiyi bildirilir
Sənəddə qətnamənin qəbul edildiyi bildirilir

Məhz belə bir durum təbii olaraq Azərbaycan mediasının qəbul edilmiş qətnamə və ona verilən şərhlərə meydan açması ilə müşayiət olundu. Yəni AP kimi ciddi bir qurum sənədin qəbul edildiyini rəsmən bildiribsə, biz azərbaycanlılar da hər zamankı kimi buna şübhəsiz yanaşmışıq. Axı avropalıların hər işi düz, özləri də hər məsələdə dürüst olurlarmış…

Belə bir durumda şəxsi narahatlığımı ifadə edən paylaşımım olmuşdu. O paylaşımı edərkən AzTV-də deputatlarımız AP-nin qərəzli qətnaməsini tənqid edirdilər. Bu baxımdan AzTV-nin adını da çəkmişdim. Amma belə anlaşıldı ki, bəzi izləyicilərimiz bizim “AzTV-nin yalanı”nı faş etdiyimiz qənaətinə gəldilər. Halbuki nə AzTV, nə də digər media qurumlarımız qətnamə ilə bağlı yalan yaymırdılar. Onlar AP-nin rəsmi olaraq açıqladığı informasiya əsasında xəbər və şərhlər təqdim edirdilər.

Dediyim kimi, sadəcə mən məsələyə bir qədər şübhəçi yanaşdım. Yanaşmaya da bilməzdim. Çünki uzun illərdir beynəlxalq platformalarda həm də səsvermələrdə iştirak edən birisi kimi belə yöntəmləri yaxşı bilirəm. Yaxşı bilirəm ki, bir çox hallarda belə sənədləri maraqlı tərəflər araya salıb necə sivişdirə bilirlər. İndi də əminəm ki, yanvarın 19-da AP-də qəbul edilmiş Azərbaycana aid qətnamə bəlkə də heç yetərincə dəstək görməyib. Elə yəqin ona görə də səsverməni kolxoz yöntəmi ilə keçirərək rəqəmləri açıqlamağa belə lüzum görməyiblər…

Yeri gəlmişkən əlavə edim ki, səsverməni keçirən E.Regner öz AP karyerasında həm də Türkiyəyə qarşı qondarma erməni soyqırımı ilə bağlı sənədin təşəbbüskarlarından biridir…

Sonda: Düşünürəm ki, Azərbaycan dövlətinin müvafiq qurumları AP ilə rəsmi müzakirəyə başlayaraq bu qətnaməyə niyə belə yöntəmlə səs verildiyini sorğulamalıdır. Əminəm ki, şübhələrimizin əsassız olmadığı təsdiqlənəcək.

Lap sonda onu da qeyd edim ki, qətnamənin qəbulundan bir gün öncə – yanvarın 18-də AP-də onun müzakirəsinə də tam olaraq baxıb bütün çıxışları diqqətlə dinləmişəm. Orada da Azərbaycan hökumətinin sorğulayacağı məqamlar az deyil. Adına Avropa dediyimizin deputatları həmin çıxışlardakı kimi açıq nifrət və hədə dilində danışmamalıdır!

Onu da əlavə edək ki, Azərbaycanla bağlı qətnamənin səsverməsi zamanı AP-nin toplantısında 705 üzvdən 410-u iştirak edib. Anti-Azərbaycan qətnamə “Dağlıq Qarabağda blokadanın humanitar nəticələri” adı altında təqdim edilib…

Mission News Theme by Compete Themes.