BAYRAQDAR MEDİA – Yanvarın 18-də qardaş Qırğızıstanın parlamenti – Cogorku Keneş “Qırğız Respublikasının dövlət dili haqqında” qanun layihəsini 1-ci oxunuşda qəbul edib.
Xəbəri “Azadlıq” Radiosunun qırğız xidməti yayıb.
88 deputatdan 75-nin lehinə səs verdiyi qanun layihəsi qəbul edildikdən sonra dövlət dili olan qırğızcadan istifadənin hüquqi əsasları və dövlət dil siyasətinin tətbiqi öz həllini tapacaq.
Müzakirələr zamanı deputatlar dövlət dilinin öyrənilməsinin asanlaşdırılması zərurətinə də diqqət çəkiblər.
Qanun layihəsinin təşəbbüskarı qismində Dövlət Dili üzrə Milli Komissiya və Nazirlər Kabineti çıxış edib. Bu layihəyə görə, dövlət orqanlarının işçi dili yalnız qırğızca olmalıdır. Yəni istər mərkəzi, istərsə də yerli dövlət qurumları yalnız qırğız dilindən istifadə etməlidir.
Qanun layihəsinə əlavələr də qəbul edilərsə, Cogorku Keneşin deputatlarının qırğız əlifbası və orfoepiya qaydaları ilə bağlı təkliflərlə çıxış etmək imkanı olacaq.
Qeyd edək ki, 23 sentyabr 1989-cu ildə Qırğızıstanda dövlət dili haqqında qanun qəbul edilib. Bu qanunla qırğızca dövlət dili, rusca rəsmi dil kimi işlədilir. Belə bir ikili durum isə qırğız dilinin sıxışdırılmasına, rus dilinin mövqelərinin möhkəmlənməsinə səbəb olur. Görünür, Qırğızıstan dövləti bunun fərqinə vardığı üçün artıq ikidilliliyə son qoyaraq öz milli dilini tək dil olaraq rəsmiləşdirmək qərarı verib.