BAYRAQDAR MEDİA – 20 yanvar 1990. Sovet-rus ordusu Azərbaycan xalqına qarşı qırğın törədib.
İnformasiya texnologiyalarının inkişaf etmədiyi bir zamanda Azərbaycan informasiya blokadasındadır. AzTV-nin enerji bloku Sovet DTK-sı tərəfindən partladılıb.
İnformasiya əldə etmək və baş verənləri yaymaq mümkünsüzdür.
Sovet radio kəşfiyyatı o zamanın “İnterneti və sosial mediası” olan xarici radiolardan informasiya əldə etməyi əngəlləmək üçün müxtəlif texnologiyalardan istifadə edirdi.
Belə bir zamanda Azərbaycanda baş verənlərin bütün dünyaya çatdırılmasında Azadlıq Radiosu Azərbaycan xidmətinin o zamankı rəhbəri Mirzə Xəzərin böyük rolu oldu.
Azadlıq Radiosunun qısa dalğalarını əngəlləmək və efiri söndürmək üçün Sovet radio kəşfiyyatı gecə-gündüz işləsə də biz “OKEAN” və VEF radioqəbuledicilərin qısa dalğalarında bir-birinə qarışan xırıltı-xışıltılar içərisindən Mirzənin səsini eşidə bilirdik. Canlı bağlantılar təşkil olunurdu.
20 Yanvar faciəsi zamanı onun səsini, sovet-rus ordusunun vəhşilikləri haqqında onun hayqırtısını bütün dünya dinləyirdi.
Tam əminliklə deyə bilərik ki, qlobal bir informasiya xidmətinin rəhbəri olaraq, bir Azərbaycanlı radiojurnalist olaraq Mirzə Xəzər informasiya blokadasında olan Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayıb.
20 Yanvar hadisələrinin digər informasiya təminatı isə az da olsa “Şuşa” kanalı vasitəsilə həyata keçirilmişdi.
AzTV-nin enerji bloku partladılandan sonra bu kanal gün ərzində Şuşa şəhərindəki teleqüllə vasitəsilə bir neçə saat efirə çıxa bilirdi.
AzTV -nin bir sıra əməkdaşları da bu prosesdə iştirak edib.
Ermənilər və Şuşa komendantı da efiri əngəlləmək üçün müxtəlif üsullara əl atırdılar.
“Şuşa” TV kanalının fəaliyyətində böyük xidmətləri olan ovaxtkı icra başçısı Mikayıl Gözəlovu da müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirmişdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin .
Ruhları şad olsun.