BAYRAQDAR MEDİA – Yanvarın 31-də Avropa Parlamentində (Brüssel, Belçika) “Post-Rusiya dövrünün azad xalqlarının 5-ci Forumu” keçiriləcək. Forum “İmperiya Rusiyası: istila, kolonizasiya və soyqırım. İmperiyasızlaşdırma və kolonizasiyalaşdırmanın perspektivləri” mövzusuna həsr ediləcək.
Forumun təşkilatçıları qismində Avropa Parlamentindəki Mühafizəkarlar və İslahatçılar fraksiyasından olan deputatlar Anna Fotıga və Kozma Zlotovski çıxış edir.
Təşkilatçıların yaydığı xəbərə görə, Forumun əsas məqsədi hazırkı Rusiya Federasiyasının koloniyasızlaşdırılmasının perspektivlərini müzakirə etməkdir. Eyni zamanda sadəcə Prezident Vladimir “Putin və onun müharibə cinayətkarı olan ətrafı”nın məsələsi deyil, ümumilikdə Rusiyanın bir bütöv dövlət olaraq qalmasının zərəri müzakirə ediləcək.
Təşkilatçılar bildirir ki, “Rusiya bir terror dövləti, başdanxarab müharibə cinayətkarları tərəfindən idarə edilən imperiyadır”. Bu ölkə “bütün qonşuları və başqa ölkələr üçün öz mövcudluğu ilə təhlükə təşkil edir”. Eyni zamanda, “Rusiya öz vətəndaşları üçün təhdiddir və onları qul kimi tutmağa çalışır”.
Təşkilatçılar əmindir ki, 2023-cü ildə bütöv Rusiya kimi bir dövlət mövcud olmamalıdır.
Avropa Parlamentinin üzvləri Rusiyanın yerində qurulacaq dövlətlərin siyahısını da elan ediblər. Bu siyahıya görə, post-Rusiya dövründə sözügedən coğrafiyada Ural, Başqırdıstan, İngriya, Sibir Birləşmiş Ştatları, Tatarıstan, Königsberg Baltik Respublikası, Buryatiya, Kareliya, Oyratiya, Sakit Okean Federasiyası, Çerkeziya, Pskov Respublikası, Saxa, Byarmiya, Tver Respublikası, Kuban, Smalandiya, Don Kazak Eli, Qara Torpaq – Güney Rusiya, Komi, Çuvaşiya, Xakasiya, Aşağı Novqorod, Kumıkiya, İriston, Lapland, İnquşetiya, Noqay Respublikası, Udmurtiya və s. adında dövlətlər qurulmalıdır.