Press "Enter" to skip to content

Müəllim və həkimlərin maaşlarının artımı hələ dəqiqləşəcək

Vüqar Bayramov

BAYRAQDAR MEDİA – “Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır. Paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir.”

Bu sözlər iqtisadçı deputat Vüqar Bayramova aiddir. O, sosial media hesabında paylaşım edərək müəllimlərin və həkimlərin əməkhaqqı artımı ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqlarında artımlar artıq reallaşdı. Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əməkhaqları son artımlara aid olundu”, – deyə deputat qeyd edib.

V.Bayramov daha sonra bildirib ki, “bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əməkhaqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz”.

“Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir”, – deyə deputat qeyd edib.

Mission News Theme by Compete Themes.