Son yeniləmə: 19 Yanvar 2023 17:14
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyinin ənənəvi olaraq təşkil etdiyi “Çərşənbə söhbətlər” çərçivəsində növbəti tədbir 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 19-da Dərnəkdən məlumat verilib.
Bildirilib ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu “Qara Yanvar- 20 Yanvar 1990” mövzusunda çıxış edib: “Çıxışda 20 Yanvar hadisəsi ilə bağlı məlumat verilib. Azərbaycan xalqının silahlı sovet ordusuna qarşı necə silahsız mübarizə aprdığı qeyd edilib. Vurğulanıb ki, həmin gün sovet ordusu tərəfindən dövlət televiziya qülləsi qəsdən partladıldığı üçün insanlar fövqəladə vəziyyətin elan olunmasından xəbərsiz olublar. Nəticədə də amansız imperiya ordusu silahsız insanlara rəhm etməyərək, qətliam törədib”.
S.Yaquboğlu çıxışında həmin günə damğasını vuran əfsanəvi sevgidən – İlham və Ferizədən də danışıb: “Bu hadisədən sonra şəhid olan 147 mülki azərbaycanlılardan olan İlhamın ölümünə dözməyən Fərizə intihar edərək həyat yoldaşı ilə birlikdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Yanvarın 20-də qanlı torpağa qırmızı qərənfillər düzüldüyündən qərənfil həmin günün simvoluna çevrildi”.
Daha sonra S.Yaquboğlu Güney Azərbaycandan olan Azəryar bəy Danışverin müşayiəti ilə “Ağla, qərənfil, ağla” şeirini səsləndirib: “Natiq mərhum şair Məmməd Aslanın bu şeiri hansı hisslərlə yazdığından danışıb”.
Tədbirdə çıxış edən Azəryar Danışver Bakıda bu hadisələrin baş verdiyi zaman Türkiyədəki reaksiya ilə bağlı danışıb.
Tədbir Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydının yekun nitqi ilə başa çatıb.