Son yeniləmə: 19 Yanvar 2023 11:22
Yeganə Hacıyeva: Ermənilər və onların xarici havadarları Azərbaycana qarşı növbəti işğalçılıq siyasətini həyata keçirmək üçün ilk olaraq Ermənistan ərazisində, daha dəqiq desək, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıları hədəfə almışdılar
BAYRAQDAR MEDİA – “Sabah Azərbaycan tarixinə həm faciə, həm də qürur günü kimi düşən 20 Yanvar faciəsinin 33-cü ildönümdür. Düz 33 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdü. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Xalqın etirazı Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlara səbəb oldu
Onun sözlərinə görə, 1990-cı il 20 Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, ovaxtkı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb: “Məlumat üçün bildirim ki, 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi əvvəlki deportasiyalara rəğmən, hələ də respublika ərazisinin (29.8 min kv.km.) 20 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. Ermənilər və onların xarici havadarları Azərbaycana qarşı növbəti işğalçılıq siyasətini həyata keçirmək üçün ilk olaraq Ermənistan ərazisində, daha dəqiq desək, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıları hədəfə almışdılar. Məhz bunun nəticədində 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından – Ermənistandan növbəti deportasiyası baş verdi. Nəticədə 250 min azərbaycanlı qaçqın düşdü. Bu hadisəyə, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlara səbəb oldu”.
20 Yanvar faciəsinin törədilməsində Moskva ilə yanaşı Vaşinqtonun da rolu olub
Politoloq bildirib ki, həmin vaxt Azərbaycana qarşı 20 Yanvar faciəsinin törədilməsində Moskva ilə yanaşı Vaşinqtonun da rolu olub: “Onu da qeyd etmək lazımdır ki, Moskva və Vasinqton hökümətlərindəki erməni şəbəkəsinin bu qətliamda müstəsna rolu və xidməti olub. Məsələ burasındadır ki, 1990-cı il, 20 Yanvar qırğınından bir gün öncə – yanvarın 19-da Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının ovaxtkı sədri, erməni lobbisinin senatdakı ruporu Kleyborn Pell ilə SSRİ xarici işlər naziri Eduard Şevardnadze arasında görüş keçirilib. Həmin görüşdə K.Pell bildirib ki, Sovet rəhbərliyi “Azərbaycana Qarabağ üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir. O, israrla vurğulayıb ki, Sovet rəhbərliyi erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməli, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. “Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir” deyə K.Pell E.Şevardnadzeyə bildirib. Həmin görüşdən bir gün sonra isə Mixail Qorbaçov Bakıya ordu yeridib”.
Y.Hacıyeva qeyd edib ki, bu da son deyil: “20 Yanvar faciəsindən 3 ay sonra, martın 18-də isə ABŞ Konqresinin bir qrup üzvü M.Qorbaçova müraciət ünvanlayır. Konqresmenlər guya azərbaycanlıların Bakıda qətllər və zorakılıqlar həyata keçirdiyini, ermənilərin əmlakını məhv etdiyini iddia edir və bundan narahat olduqlarını bildirirlər. Məktubda, “Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız” sözləri əks olunur. Göründüyü kimi, bu müraciət 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində M.Qorbaçov və Moskvada mərkəzi hakimiyyətdə kök atmış ermənilərdən başqa ABŞ-ın, Vaşinqtondakı erməni lobbisinin da rol oynadığını göstərir”.
Əminik ki, soydaşlarımız tezliklə Qərbi Azərbaycandakı ata-yurdlarına qayıdacaqlar
Politoloq vurğulayıb ki, bütün bunlara baxmayaraq Azərbaycan xalqı yolundan dönmədi: “1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusunun üzərinə yeriyən əli yalın insanların qəhrəmanlıq nümunəsi və bu insanlara qarşı törədilən qətliamın digər respublikalarda yaratdığı hiddət ab-havasının fonunda artan etirazlar çökməkdə olan sovet imperiyasının sonunu daha da yaxınlaşdırdı. O gündən çox yox, cəmi 11 ay sonra SSRİ çökdü. Əslində SSRİ 20 Yanvar günü Bakıda çökdü. Onu da xüsusi olaraq qeyd edim ki, həmin faciədən sonra Azərbaycan xalqı azadlıq, suverenlik, ərazi bütövlüyü uğrunda mübarizəsini daha qətiyyətlə davam etdirdi. Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün isə qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib və əminik ki, soydaşlarımız tezliklə Qərbi Azərbaycandakı ata-baba yurdlarına qayıdacaqlar”.