Aliza Bin Nun: Azərbaycanda yaşayan yəhudi icması iki ölkəni birləşdirən körpü rolunu oynayır
BAYRAQDAR MEDİA – Yanvarın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, İsrail nümayəndə heyəti Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli şəxsləri və İsrailin Avrasiya ölkələrindəki səfirlərindən ibarət olub: “Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən Azərbaycanla İsrail arasında iqtisadi, təhlükəsizlik, təhsil, yüksək texnologiyalar və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri barədə ətraflı müzakirə aparıblar. Ceyhun Bayramov ötən il 30 illiyinin qeyd olunduğu Azərbaycan-İsrail diplomatik münasibətlərinin və ikitərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, xalqlarımızın birgəyaşayış tarixinin yüz illəri əhatə etdiyini vurğulayıb”.
Nazir İsraildə Azərbaycanın turizm bürosunun və ticarət nümayəndəliyinin fəaliyyətinin, bu yaxınlarda səfirliyinin təsis edilməsinin münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfə verəcəyini bildirib: “Görüş zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, həmçinin 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla münasibətlərin qurulması və sülh prosesi istiqamətində atdığı addımlar və təşəbbüslər barədə qarşı tərəf məlumatlandırılıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən təxribatlar qeyd olunub”.
Aliza Bin Nun Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. O, İsrailin Avrasiyadakı səfirlərinin görüşünün məhz Bakıda keçirilməsinin İsrailin ölkəmizlə münasibətlərə verdiyi önəmin göstəricisi olduğunu diqqətə çatdırıb.
Məlumata görə, nazir Azərbaycanda yaşayan yəhudi icmasının iki ölkəni birləşdirən körpü rolunu oynadığını bildirib: “Aliza Bin Nun İsrail ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərin daha da artırılmasında İsrail tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb”.
Görüş çərçivəsində iki ölkə arasında yüksəksəviyyəli dialoq və səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib.