Son yeniləmə: 18 Yanvar 2023 15:44
Hikmət Babaoğlu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi Zəfər həm də son bir əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən cinayətlərin layiqli cəzası oldu
BAYRAQDAR MEDİA – “20 Yanvar faciəsinə gedən yol, əslində, 1988-ci ildən başlamışdı. Çünki 1988-ci ildə ermənilər Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fasiləsiz mitinqlər keçirməyə başladılar. Çox təəssüf ki, eyni ittifaq dövləti – keçmiş SSRİ-nin tərkibində olsaq da Moskva ermənilərin bu hərəkətinə göz yumdu. Hətta deyə bilərəm ki, onları dəstəklədi. Çünki 1988-ci ilin fevral ayında o zamankı Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Fransada çıxış edərkən Dağlıq Qarabağın iqtisadi və sosial baxımdan Ermənistana daha yaxın olduğunu əsaslandırmağa çalışdı. Beləliklə də Azərbaycan xalqı məhz buna etiraz olaraq meydanlara çıxdı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Qərbi Azərbaycan İcması sədrinin müavini, millət vəkili, Prof. Hikmət Babaoğlu deyib.
O, qeyd edib ki, Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə başladı: “Əlbəttə ki, artıq 1990-cı ildə hadisələr çox gərgin bir həddə çatmışdı. Çünki ermənilər öz bölücülük niyyətlərindən əl çəkmirdi. Azərbaycan xalqı isə öz müstəqilliyi, ərazi bütövlüyü və suveren hüquqları uğrunda yumruq kimi birləşmişdi. Ona görə də SSRİ imperiyası, görünür, o dövrdə daha sonrakı mərhələ üçün planlaşdırdığı məqsədlərə çatmaq istiqamətində Azərbaycan xalqının mübarizəsini qırmaq üçün məqsəd müəyyənləşdirmişdi. Bu da 20 Yanvar faciəsi ilə nəticələndi. Tarixdə bir imperiya öz vətəndaşlarına qarşı amansız bir cəza tədbiri tətbiq etdi və Azərbaycan xalqının iradəsini qırmağa çalışdı. Ancaq Azərbaycan xalqı bütün bunlara baxmayaraq öz mübarizəsini davam etdirdi. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımız sovet imperiyasının qaniçən ordusuna qarşı əliyalın mübarizəyə qalxaraq öz haqlarını tələb etdilər. Doğrudur, bir qədər gec oldu, ancaq Azərbaycan xalqının qəhrəman övladlarının müstəqillik, suverenlik, ərazi bütövlüyünün bərpası arzuları yerdə qalmadı”.
H.Babaoğlunun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük dövlət xadimi Heydər Əliyev tərəfindən 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi qiymət verilib: “Bu faciəni törədənlərin kimliyi müəyyənləşdirildi və onların adı Azərbaycan tarixinə qara bir ləkə kimi yazıldı. Lakin, əlbəttə ki, bu da məsələnin hamısı deyildi. Çünki sonrakı mərhələdə məhz 20 Yanvar şəhidlərinin, Birinci Qarabağ savaşı şəhidlərinin qanının yerdə qalmaması üçün Azərbaycan güclü ordu qurmağı bacardı. Ən müasir texniki təchizat və peşəkar kadr komplektləşdirməsi apararaq işğal altındakı torpaqlara azadlıq gətirəcək güclü bir ordu qurdu. 2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycan elə bir tarixi qələbəyə imza atdı ki, bu həm də 20 Yanvar şəhidlərinin ideallarının reallaşması oldu. Bu, xalqımızın uzun illərdən bəri arzu etdiyi, görmək istədiyi müstəqil Azərbaycanın suverenliyinin təntənəsi oldu. 20 Yanvar şəhidlərinin də, Birinci Qarabağ savaşı şəhidlərinin də qanı yerdə qalmadı. Azərbaycanın qəhrəman oğulları yeni bir səhifə açaraq Azərbaycan dövlətçiliyini yeni inkişaf mərhələsinə daxil etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfər həm də son bir əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən cinayətlərin layiqli cəzası oldu”.
Müsahibimiz sözlərinə davam edərək, “Bir sözlə, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmayıb. Bu gün onlar öz müqəddəs xiyabanlarında rahatlıqla uyuyurlar və Azərbaycan xalqının əldə etdiyi bu qələbə bir daha dosta da, düşmənə də göstərdi ki, aradan illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz ideallarına sadiqdir və nə qədər vaxt keçsə də böyük əzmkarlıq və qətiyyətlə öz haqqını tələb etməyi və qazanmağı bacarır. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Bəlli olduğu kimi, Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib və inanırıq ki, azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər – Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir”.