BAYRAQDAR MEDİA – Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XIX əsr Azərbaycanın bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan haqqında Wikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Xurshidbonu Notavon” adlı bölmə istifadəyə verilib.
Xəbəri BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən veriblər.
Mərkəzin Wikipediya heyəti tərəfindən yaradılmış bölmədə şairənin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyat və incəsənətinə verdiyi töhfələr, ictimai fəaliyyəti və s. məlumatlar yer alıb.
“Burada qeyd olunur ki, Qarabağ xanlığının sonuncu varisi Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuş və Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir.
“Bölmədə Xurşidbanu Natəvan parlaq istedada, qabaqcıl ideallara malik, habelə Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş bir şəxsiyyət kimi təqdim edilmişdir.
“Xurşidbanu Natəvan haqqında səhifə ümumilikdə 12 bölmədən ibarətdir və hər bir bölmədə müvafiq olaraq şairənin həyatı, yaradıcılığı, ailə şəcərəsi, əsərləri, ictimai fəaliyyəti və s. haqqında məlumatlar verilib. Misal üçün, səhifənin “Meros” (İrsi) adlı bölməsində şairənin adına küçə, klub, kitabxana, məktəb yaradılması, Xan qızının əlyazmaları, şəxsi geyim və əşyalarının nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanılması əks olunub. Qeyd olunur ki, Xurşidbanu Natəvanın Bakı şəhərində heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi, Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterloo şəhərində abidəsi qoyulmuşdur”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “səhifədə 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı verilib”.
“Səhifədə Şuşada dövrün ədəbi mühiti və şairə Xurşidbanu Natəvanın burada yaratdığı “Məclisi-üns” (dostluq, ülfət məclisi) haqqında geniş materiallar öz əksini tapmışdır. Burada məlumat verilir ki, XIX əsrdə bölgələrdə poetik məclislərin yaranması geniş vüsət almışdır. Bakı, Naxçıvan, Şamaxı, Lənkəran, Quba, Gəncədə poetik məclislər yaranmış və məclislərdə dövrün tanınmış şairləri, ziyalıları bir araya gəlmişdir. Şuşada isə iki belə məclis yaranmışdı ki, onlardan biri yuxarıda qeyd olunmuş “Məclisi-üns”, digəri isə Mir Möhsün Nəvvabın yaratmış olduğu “Məclisi-fəramuşan” olub və hər iki poetik məclis də eyni dövrdə Şuşada fəaliyyətlərini davam etdirib.
“Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi çərçivəsində ilk dəfə olaraq 2022-ci ildə “Məclisi-fəramuşan” poeziya məclisi bərpa olunub, Azərbaycanın və Özbəkistanın şairlərinin iştirakı ilə Şuşada görüşlər, onlayn poeziya tədbirləri keçirilib.
“Bölmədə Xurşidbanu Natəvanın şeirləri, haqqında çap olunmuş kitabların siyahısı da öz əksini tapmışdır. Burada məlumat verilir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xurşidbanu Natəvanın şeirləri özbək dilinə tərcümə olunaraq nəşr edilmişdir.