BAYRAQDAR MEDİA – Yanvarın 17-də Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfərə gedib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, İ.Əliyev Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb. Söhbət zamanı tərəflər daha əvvəlki görüşü xatırlayıb. A.Damen Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını bildirib və görülən işlərdən danışıb.
İ.Əliyev şirkətin Azərbaycanda layihələri həyata keçirməyə başlamasından məmnunluğunu bildirib.
Görüşdə Azərbaycanda şirkətin daha geniş həcmdə işlər görməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
“Dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini qeyd edərək, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də “Damen Shipyards Group” şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur”, – deyə xəbərdə bildirilir.
“Görüşdə, həmçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün də müxtəlif gəmilərin istehsalının mümkünlüyü məsələləri müzakirə edildi.” Bu da sözügedən xəbərdə deyilir.
Prezizidentin Mətbuat xidməti onu da bildirir ki, İ.Əliyev eyni gündə Davosda CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Gay Didrix ilə görüşü olub.