Press "Enter" to skip to content

Bu tarixdə planetlərin birləşməsi baş verəcək

Son yeniləmə: 17 Yanvar 2023 13:16

BAYRAQDAR MEDİA – Yanvar ayının 22-də Günəş batdıqdan sonra Venera ilə Saturn planetlərinin birləşməsini izləmək mümkün olacaq. Belə ki, bu iki Günəş sistemi planeti qeyd olunan tarixdə bir-birinə çox yaxın məsafədən (~0.34⁰) keçəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, planetlərin birləşməsi Bakı vaxtı ilə (GMT+04) saat 18:03-dən etibarən üfüqdən 14⁰ hündürlükdə cənub-qərbdə müşahidə olunacaq və saat 19:35-dək müşahidə etmək mümkün olacaqdır: “Hal-hazırda planetlər Oğlaq bürcündədirlər və yanvarın 22-ə qədər bir-birinə yaxınlaşmaqda davam edirlər. 23 yanvarda isə gecə səmasında Venera ilə Saturna təzə Ay da qoşulacaq”.

Qeyd edilib ki, Venera səmada Günəş və Aydan sonra 3-cü parlaq obyektdir: “Saturn parlaqlığına görə Veneradan zəif olsa da, hər iki planeti adi gözlə belə müşahidə etmək mümkün olacaqdır. Daha keyfiyyətli müşahidə üçün isə kiçik teleskoplar və binokllardan istifadə etmək olar”.

Mission News Theme by Compete Themes.